20.09.2024, 13:56
AZ EN
06.04.2023, 13:00 346

Ceyhun Məmmədov: "İran Azərbaycandan deyil, Azərbaycan İrandan şikayət etməlidir"

XƏBƏRLƏR
  • "İran Parlamenti bu günlərdə Azərbaycanla bağlı növbəti bir absurd bəyanat yayıb. Sənəddə Azərbaycana qarşı bir sıra əsassız ittihamlar səsləndirilir. Bəyanatda İslam Əməkdaşlıq Təşkilatına müraciət edilərək Azərbaycanın bu əməlinin qəti şəkildə pislənilməsi ilə bağlı məsələ də əksini tapıb". Bu fikirləri millət vəkili Ceyhun Məmmədov özünün şəxsi "Facebook" hesabında ifadə edib. Deputat bildirib ki, eyni zamanda, müsəlman ölkələrinin bu məsələdən narazı qalacaqları qeyd olunur. Heç şübhəsiz ki, bu İran tərəfinin riyakarlığının növbəti ifrat nümunəsidir: "Burada belə bir haqlı sual yaranır. Kim-kimdən narazı qalmalı və ya şikayət etməlidir? Əslində bu günə görə etdiklərinə, hər zaman Ermənistanın yanında olduğuna, işğal olunmuş ərazilərimizin dağıdılmasında barbarcasına iştirak etdiyinə görə Azərbaycan İranı şikayət etməlidir. 

İran İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində hər zaman İslam həmrəyliyindən danışır. Ancaq bu təşkilatın Azərbaycanla bağlı qərarlarına biganə yanaşır, Ermənistana davamlı dəstək göstərir.

Azərbaycanla Ermənistan arasında münaqişəyə görə Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı Ermənistan ilə diplomatik əlaqələri kəsdi və ya ümumiyyətlə, qurmadı. Bəs İran nə elədi? Bir tərəfdən Ermənistanı dəstəklədi, o biri tərəfdən isə Azərbaycan daxilində terroru dəstəklədi".

C.Məmmədov daha sonra əlavə edib ki, son günlər ölkəmizdə baş verən hadisələr bunu bir daha təsdiq etdi:"İranın gözü qarşısında ermənilər məscidlərimizi barbarcasına dağıtdılar, içərisində donuz və inək saxladılar. Qəbirstanlıqları şumlayaraq yerində əkin işləri həyata keçirdilər. Mən bu günə kimi hələ də dağıdılmış evimizin yerini, doğmalarımın qəbirlərini tapa bilmirəm.

İran isə bir müsəlman ölkəsi kimi, bütün bunları görməməzlikdən gəldi. 30 il ərzində hər zaman İran Ermənistana, siyasi, hərbi və iqtisadi yardım etdi və edir. Azərbaycanda silahlı terror dəstələri yaradan, Qarabağa terrorçu, Ermənistana silah göndərən, Zəngəzur dəhlizini qırmızı xətt sayan da İrandır. Budurmu İslam həmrəyliyi və müsəlman təəssübkeşliyi? Odur ki, İranın İslam həmrəyliyindən danışmağa mənəvi haqqı yoxdur!",- deyə millət vəkili vurğulayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR