Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov açıqlamasında söyləyib.
Onun sözlərinə görə, AXC ətrafında toplanan kütlənin enerjisini daha çox anti-Heydər Əliyev formatına kökləmiş, mümkün qədər xalqı bu çətin vəziyyətdə Heydər Əliyevə ümid yeri kimi baxmasına mane olmağa çalışırdı. AXC funksionerləri 1988-ci ildən meydanlarda olmalarına baxmayaraq ciddi qəbul edilmədiklərini anlayır və xüsusən 20 Yanvar hadisəsindən sonra Heydər Əliyevin ortaya qoyduğu əsl lider və əsl vətəndaş mövqeyindən narahat olmağa başlamışdılar. Bu səbəbdən müstəqilliyə yönəlməli olan fəaliyyət daha çox Heydər Əliyevin dönüşünə maneçiliyin siyasi-hüquqi bazisinin hazırlanmasına yönəlmişdi. Nəticədə müstəqillik çox gec, 1991-ci ilin oktyabrında elan olundu və AXC bu hadisədən də özünə pay çıxarmaq istədi. Ümummilli Lider Heydər Əliyev 1993-cü il oktyabrın 10-da andiçmə mərasimində nitqində bu prosesə çox sərrast formada qiymət verərək bildirmişdi ki, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi dünyada, keçmiş Sovetlər İttifaqında gedən ictimai-siyasi proseslərin məntiqi nəticəsidir. Bu müstəqilliyin əldə olunmasında hər hansı qrupun, hərəkatın, qüvvənin müstəsna xidmətləri olduğunu heç vəchlə qəbul etmək olmaz”. Eyni mövqeni Prezident İlham Əliyev də 2021-ci ilin oktyabrında Füzuli ictimaiyyəti ilə görüşdə səsləndirərək saxtakarları ifşa etmişdi.
“Təbii ki, ölkəmizin müstəqilliyinin bərpa edilməsində Azərbaycan Xalq Cəbhəsinin heç bir rolu olmayıb, əksinə, müstəqillik qazandıqdan sonra Azərbaycanın suverenliyi, ərazi bütövlüyü məhz xəyanətkar AXC-Müsavat cütlüyünün bir başa təqsiri ilə təhdid altına düşüb. Təcavüzkar siyasi cütlüyün hakimiyyətə can atması, istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışması Laçının işğalı ilə nəticələndi. Daha doğrusu Laçın, ardınca isə Şuşa çirkin hakimiyyət niyyətlərinə çatmaları üçün böhran yaratmaq məqsədilə Ermənistana satıldı. Hakimiyyətə gəlsələr də iqtidarını qorumağı bacarmayan AXC-Müsavat cütlüyü Kəlbəcərin satılması hesabına hakimiyyətlərinin ömrünü uzatmağa çalışdı. Bu işdə onlara kifayət qədər ciddi kənar dəstək də var idi. Lakin Ümummilli Lider Heydər Əliyev bu çirkin planları və xəyanətkar prosesin alqoritmini pozdu və nəticədə "bəylər" Kəlbəcəri versələr də, onların xaricdəki ağaları AXC-Müsavat hakimiyyətinin ömrünü uzatmağa macal tapmadı. Dahi lider xalqın təkidli tələbinə əsasən hakimiyyətə qayıtması ilə müasir Azərbaycan dövlətçiliyi qurulmuş, təhdidlərdən, parçalanmaqdan qorunmuş oldu. Lakin qısamüddətli AXC-Müsavat hakimiyyətinin səbəb olduğu sosial, siyasi və milli böhranın nəticələrinin aradan qaldırılmasına, xəyanətkarların satdığı torpaqların geri qaytarılmasına uzun illər lazım oldu. Bu gün Azərbaycan Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün ən qüdrətli dövrünü yaşayır. Lakin xəyanətkar qvardiya da, eyni zamanda, iş başındadır. Bu gün də Əli Kərimli və onun antimilli Şurası Azərbaycan əleyhinə istənilən güc mərkəzi, istənilən dövlətlə birləşməyə hazırdır. Azərbaycanın milli maraqları, dövlət mənafelərinə qəsd edən, Vətənə xəyanətdə təsiri sübuta yetirilən kim varsa antimilli Şura və xain şəbəkəsi siyasi məhbus adı altında qərb təsisatlarına servis edərək ölkənin nüfuzunu zədələməyə çalışır, yaxud İran və Fransa açıq qeyri-sağlam münasibət sərgiləyən dövlətlər kimi cəbhədən ölkəni hədəfə alır. Təbii ki, son 30 ildə Azərbaycan xalqı bütün seçkilərdə bu “siyasi” qruplaşmaya layiqli yerini göstərir, lakin artıq yeni konfiqurasiyada bu xainlərin bütövlükdə tarixin zibilliyinə göndərilməsinin vaxtı çatıb”, - deyə Bəhruz Məhərrəmov vurğulayıb.("AZERTAC")