23.11.2024, 00:32
AZ EN
02.04.2023, 17:29 237

Deputat: Kəlbəcərin azad edilməsi terrorçuların gələcək taleyini köklü həll edən strateji qələbədir

XƏBƏRLƏR
  • “2020-ci il noyabrın 25-də 10 noyabr kapitulyasiya aktına əsasən, Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu qeyd-şərtsiz tərk edərkən biz haqlı olaraq bu rayonun çətin coğrafi mövqeyinə istinad edərək hərbi əməliyyatların çox mürəkkəb olduğunu və çoxsaylı şəhidlər verə biləcəyimizi qeyd edirdik. Həqiqətən də, Kəlbəcərin hər daşı, hər qayası təbii istehkamdır və bu ərazilərdə hərbi əməliyyat aparmaq çox çətindir. Lakin 1992-ci ildə təbii-coğrafi üstünlüklərimizə və müdafiə tərəfi olmağımıza baxmayaraq Kəlbəcər qısa müddətdə işğal olundu”.

Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Deputat deyib ki, bunun bir səbəbi var idi: “O da hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün xəyanəti! Üstəlik, bu işğalla Ermənistanın bölgədə əməliyyat şəraitini tam şəkildə nəzarətə alması, separatçılarla Ermənistan arasında tam əlaqənin təhlükəsizliyinə təminat mühitinin yaranmasını nəzərə alsaq, bu işğal AXC-Müsavat hakimiyyətinin milli xəyanəti hesab edilməlidir. Əgər Laçının işğalı Prezident İlham Əliyevin ifadə etdiyi kimi, "Laçının Ermənistana satılması AXC-Müsavat cütlüyünün hakimiyyətə can atması, istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışması və bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi"sə, Kəlbəcərin satılması bu xəyanətkarların hakimiyyətlərinin ömrünü uzatmağa xidmət edirdi. Bu işdə onlara kifayət qədər ciddi kənar dəstək də var idi. Lakin Ümummilli Lider Heydər Əliyev bu çirkin planları və xəyanətkar prosesin alqoritmini pozdu və nəticədə "bəylər" Kəlbəcəri versələr də, onların xaricdəki ağaları AXC-Müsavat hakimiyyətinin ömrünü uzatmağa macal tapmadı. Xəyanətkarlar isə öz amplualarında qaldı və dahi liderin hakimiyyətə gəldiyi ilk 4 ay ərzində siyasiləşmiş ordu üzərində təsirlərindən istifadə edərək Heydər Əliyevi hakimiyyətə dəvət edən xalqdan qisas almaq üçün hərbi bölmələri geri çəkərək daha bir neçə rayonun işğalına zəmin yaratdılar. Lakin dahi lider bu xəyanətkar gedişatı da pozdu və sağlam ordu quruculuğuna başlayaraq əks-hücumla 1994-cü ildə Horadiz başda olmaqla bir sıra məntəqələri azad etdi. Daha sonra isə atəşkəs dövründə ciddi ordu quruculuğu, müdafiə sənayesi quruculuğu davam etdi, Prezident İlham Əliyevin hakimiyyəti illərində daha geniş miqyas aldı”.

Bəhruz Məhərrəmov qeyd edib ki, Prezident İlham Əliyev açıq şəkildə Kəlbəcər rayonunun işğal altına düşməsini böyük faciə hesab edirdi: “Çünki Kəlbəcərin işğal altına düşməsi Ermənistanın sonrakı işğalçılıq siyasətinə böyük üstünlüklər vermiş, Kəlbəcər üzərindən Ermənistanla Sovet dövründə “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlandırılan ərazi arasında bir çox yollar vasitəsilə əlaqə yaradılmış, silahlar, texnikalar, canlı qüvvə göndərilmişdi. Bu mənada 44 günlük Vətən müharibəsi nəticəsində Kəlbəcəri düşmən tapdağından xilas etməmiz, erməni işğalçılarını bu alınmaz qaladan rədd olmağa hərbi-siyasi yolla məcbur etməyimiz, Kəlbəcərdə Azərbaycanın nəzarətinin bərpa olunması ilk növbədə beynəlxalq hüquqla tanınan ərazilərimizdə separat meyllərin və terrorçuların gələcək taleyini köklü həll edən strateji əhəmiyyətə malik siyasi qələbədir. Digər tərəfdən, hərbi əhəmiyyətli yüksəkliklərdə 30 il ərzində möhkəmlənmiş Ermənistanı bir güllə atılmadan, kapitulyasiya şərti kimi Kəlbəcərdən çıxmağa məcbur etməklə, Prezident İlham Əliyev dünya hərb tarixində müstəsna bir səhifə açmış oldu. Onun hərbi və diplomatik müstəvidə çevik və sərrast addımları faktiki olaraq İrəvanı bütün imkanlardan məhrum etdi. Zəfər Günü Şuşada verdiyi bəyanatda da Prezidentin dediyi kimi, "İkinci Qarabağ müharibəsindən dərhal sonra, sadəcə olaraq, o qədər qorxu içində idi ki, təbii, o müddəaları yerinə yetirib və bir güllə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altında olan əraziləri bizə qaytarıldı. Əgər qaytarmasaydı, yenə də başlarını əzəcəkdik".

Deputat qeyd edib ki, AXC-Müsavat xəyanətkarları və onların yeni dövrə transformasiya olunmuş antimilli şurası Vətən müharibəsi dövründə də xəyanətlərinə davam edərək milli birliyə zərbə vurmağa cəhdlər etdilər: “Lakin Azərbaycan xalqı artıq onların simasızlığına bələd idi və 3-5 milli kimliyi olmayan satqından başqa heç kimdən dəstək görə bilmədilər. Bundan sonra da onları layiq olduqları eyni aqibət gözləyir”.

Bəhruz Məhərrəmov bildirib ki, 2020-ci ildə Kəlbəcəri qaytardıqdan sonra qarşımızda açılan mənzərə 150-yə yaxın yerlə-yeksan olunmuş kənd və rayonun xarabazara çevrilmiş mərkəzi, yüz hektarlarla minalanmış ərazilər oldu: “Həmçinin onlarca tarixi-mədəniyyət abidəsi, bir muzey, “İstisu” sanatoriyası və digər mühüm obyektlərin, geniş yaşıllıq zolaqlarının urbisid və ekosidə məruz qaldığının şahidi olduq. Lakin bizim məqsədimiz aydın, hədəflərimiz qətidir və Prezident İlham Əliyevin rəhbərliyi altında vaxt itirmədən Kəlbəcərdə böyük sürətlə bərpa-quruculuq prosesinə start verildi. Kəlbəcərlilərin layiqli həyat şəraiti və qayıdışının təmini üçün dövlət bütün lazımi addımları atmaqdadır. Prezident İlham Əliyevin dediyi kimi, "biz buraya qayıtmalı idik və qayıtdıq. Onlar buradan getməli idilər və getdilər. Tarixi ədalət bərpa olundu və biz Kəlbəcərin inkişafı ilə bağlı artıq planlarımızı reallaşdırırıq". (APA)

Oxşar xəbərlər