Bunu Trend-ə açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, ölkəmizə qarşı xarici təhdidlərin artdığı bir zamanda dövlət təhlükəsizliyinin, milli təhlükəsizliyin yüksək səviyyədə qorunması həyati əhəmiyyət kəsb edir: “44 günlük Vətən müharibəsindən sonra ölkəmizə qarşı təhdid və təxribatların artdığı heç kimə sirr deyil. Ermənistan və ona dəstək olan bəzi qüvvələr bu cür təxribatlar hesabına ölkəmizdə daxili sabitliyi pozmağa, postmüharibə dönəminin özü ilə gətirdiyi yeni reallıqlara kölgə salmağa çalışırlar. Son vaxtlar Ermənistanın və İranın ölkəmizə yönəlik təxribatları buna nümunədir. Lakin sevindiricidir ki, dövlətimizə və xalqımıza qarşı bütün bu təxribatların qarşısı ölkəmizin hüquq-mühafizə orqanları tərəfindən qətiyyətlə alınmaqda, uğurla ifşa edilməkdədir. Bu baxımdan Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. Son bir neçə ayda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən onlarla İran agentinin de-şifrə edilərək məsuliyyətə cəlb edilməsi faktı buna nümunədir. Bu fakt sübut edir ki, ölkəmizdə casus şəbəkəsi formalaşdırmağa, onun təhlükəsizliyinə ziyan vura biləcək informasiyalar əldə etməyə çalışan qüvvələr ifşa olunmaqda, qanun qarşısında məsuliyyətə cəlb edilməkdədir. Bu kimi nümunələr hüquq-mühafizə orqanlarımızın dövlət təhlükəsizliyinin keşiyində son dərəcə ayıq-sayıq dayandığını sübut edir”.
Polkovnik Cəlil Xəlilov son vaxtlar bəzi qüvvələr tərəfindən Azərbaycanın hüquq-mühafizə orqanları haqqında səsləndirilən böhtanların sayının artmasının səbəblərini də şərh edərək deyib: “Məlum olduğu kimi, bəlli bir müddətdir ki, bəzi qüvvələr dövlətimizi, onun təhlükəsizliyinin qarantı olan hüquq-mühafizə orqanlarını hədəf seçməkdə, onlar haqqında böhtan dolu məlumatlar səsləndirməkdədir. Məqsəd anti-Azərbaycan qüvvələri ifşa edən, onların ölkəmizlə bağlı təxribatçı planlarına mane olan güc strukturlarımızı gözdən salmaq, onların nüfuzuna xələl gətirməkdir. Bu baxımdan böhtanların əsas hədəfinin Ermənistan və İran agentlərinin ardıcıl ifşasını həyata keçirən Dövlət Təhlükəsizliyi Xidməti olması da təsadüfi deyil. Çünki bu qurum faktiki olaraq xarici ölkələrin agentura şəbəkəsini göz açmağa qoymur, onları elə ilk addımında ifşa edir. Buna görə də antimilli qüvvələr daha çox Dövlət Təhlükəsizliyi Xidmətini ləkələməyə cəhd edir. Lakin onlar bilməlidirlər ki, Azərbaycan xalqı kimin kim olduğunu bilir. Azərbaycan xalqı yaxşı bilir ki, onun ən böyük düşməni öz dövlətinə, xalqına, ordusuna, güc qurumlarına ləkə vurmağa çalışanlardır. Onların hər biri gec-tez etdikləri əməllərə görə qanun qarşısında cavab verəcəklər.
Mən fürsətdən istifadə edib, Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının qarşıdan gələn peşə bayramları münasibətilə təbrik edir, onlara şərəfli vəzifələrində uğurlar arzulayıram! Əminəm ki, hər zaman olduğu kimi, bundan sonra da Dövlət Təhlükəsizliyi Xidməti Prezidentimizin və xalqımızın ona olan etimadını doğruldacaq, gələcəkdə də ölkəmizdəki sabitliyin və əmin-amanlığın qarantı rolunda çıxış edəcək”.("Trend")