Bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov "Vetensesi.az"a açıqlamasında səsləndirib.
O qeyd edib ki, Azərbaycan tərəfi səfirliyimizdəki qanlı terrorla bağlı tələblərini irəli sürdükcə, İran Ermənistanla əməkdaşlığını daha da gücləndirir: “İran rəsmiləri Azərbaycan əleyhinə davamlı olaraq təhdid dolu fikirlər səsləndirir. Amma hər bir halda bu prosesdən əziyyət çəkən elə İranın özüdür. Çünki İran bu gün beynəlxalq aləmdə təklənib, təcrid olunub, sanksiyalar altındadır. Belə olduğu halda İranın Azərbaycanla münasibətlərinin gərginləşməsi onun özünə ziyandır”.
C.Məmmədov qeyd edib ki, Azərbaycanın bütün məsələlərdə mövqeyi aydındır: “Ölkəmizlə bağlı İrana edilən bu ilk xəbərdarlıq deyil. Dəfələrlə deyilib ki, İran bu ritorikasından əl çəkməlidir. Səfirliyimizə qarşı qanlı terror hadisəsi nümunəsində isə İranın yanaşmasının dəyişməsi tələb olundu. Çünki səfirliyə hücum vaxtı qeydə alınmış görüntülər və prosesin təhlili göstərir ki, bu hadisə məhz İran rejimi tərəfindən təşkil edilib. Ölkə başçısının da qeyd etdiyi kimi məsələ ilə bağlı heç bir reaksiyanın olmaması, terrorçunun həbsdən yayındırılması, onun əqli qüsurlu şəxs kimi psixiatriya xəstəxanasına yerləşdirilməsi onu göstərir ki, İran bu məsələnin araşdırılmasında heç də səmimi deyil”.
Ceyhun Məmmədov hesab edir ki, bu kimi hallar İranın özünə problem yaradacaq: “İran öz ritorikasını, yanaşmasını dəyişməlidir. Bu dəyişiklik olmasa, İrandan fərqli yanaşmaları gözləmək mənasızlaşır. İranın bu cür davranışları təbii ki, Azərbaycan tərəfindən qəbul edilməyib. Ona görə də, Azərbaycan Prezidenti tərəfindən İrana edilən xəbərdarlıqdan bu ölkə ciddi nəticə çıxarmalıdır",- deyə millət vəkili vurğulayıb.
Tahirə AĞAMİRZƏ