Heydər Əliyev Fondundan verilən məlumata görə, baş vermiş faciə ilə əlaqədar Fondun prezidenti Mehriban Əliyevanın başsağlığını çatdıran qurumun nümayəndəsi Elvin Aslanov bu günlərdə bütün Azərbaycan xalqının, ölkənin bütün təşkilatlarının qardaş ölkə üçün zəruri yardımların göstərilməsi naminə səfərbər olduğunu bildirib.
Azərbaycan dövləti və xalqının Türkiyədəki faciə ətrafında səfərbər olmasına görə təşəkkürünü ifadə edən Rəcəb Tayyib Ərdoğan bildirib: “İlham qardaşıma, Mehriban bacıma öz adımdan, millətim adımdan çox təşəkkür edirəm!” Azərbaycanda xalqın zəlzələ qurbanları üçün humanitar yardıma qoşulması, göndəriləcək yardımlar barədə məlumatlı olduğunu deyən Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycanın yanında olduğu kimi, indi də belə çətin gündə Azərbaycanın Türkiyənin yanında olduğunu bildirib: “Öz adımdam, ailəm və xalqımız adından minnətdarlıqlarımı çatdırıram. Biz tək bu gün deyil, ölənədək birlikdə olacağıq. Bir millət, iki dövlət olaraq yola davam edəcəyik!”. (AZƏRTAC)