09.06.2025, 03:37
AZ EN
23.12.2022, 17:46 265

Azərbaycana reinteqrasiya Qarabağ erməniləri üçün yeganə çıxış yoludur

XƏBƏRLƏR
  • Ermənistan tərəfi hər zaman Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilərin sayı ilə bağlı təhrif olunmuş rəqəmlər səsləndirir. Xankəndidə məskunlaşan erməni işbazı Ruben Vardanyan son çıxışlarında bu sayın 120 min nəfər olmasını bir neçə dəfə vurğulayıb. Hətta bu sayın həqiqiliyini sübut etmək üçün İrəvandan və Rusiya sülhməramlılarından istifadə etməklə bir mitinq də təşkil etmişdi.

Bu fikirləri politoloq Amid Əliyev söyləyib.

O qeyd edib ki, son günlər Azərbaycan ictimaiyyətinin nümayəndələrinin Laçın dəhlizində keçirdiyi aksiyalar R.Vardanyan tərəfindən yeni genişmiqyaslı mitinqin keçirilməsi arzusunu puç etdi. Bu məqsədlə təqribən iki milyon dollar vəsait ayıran R.Vardanyan hətta 1000 nəfərdən çox insanı meydana toplaya bilmədi. Bunun isə bir neçə obyektiv səbəbi var. Birincisi, Laçın dəhlizində ictimai nəzarət həyata keçirilir və yalnız humanitar məqsədlərə açıqdır. Kütləvi şəkildə ermənilərin İrəvandan və ya başqa şəhərlərdən gəlişi mümkün deyil. İkincisi, Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilər artıq bu oyunlardan yorulub və belə ucuz şoularda iştirak etmək istəmirlər. Vəziyyətin gərgin olduğu bir anda Xankəndidəki mitinqin çıxış yolu olmasına inanan ermənilər isə olduqca azdır. Üçüncüsü isə R.Vardanyan və onu Moskvadan yönəldən mərkəzlərin planı azərbaycanlı ekoaktivistlər tərəfindən iflasa uğradıldı. Bütün dünya ictimaiyyəti bu aksiyaların sosial, ictimai və ekoloji mahiyyət daşıdığını gördü. Bu fonda isə ermənilərin yeni mitinq təşkili məntiqsiz görünür.

“Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə gün öncə belə bir bəyanat da verdi ki, Laçın dəhlizinin açılması ilə bağlı bütün sorğularımız uğursuz oldu və lazımi dəstək almadı. Özünə istədiyi kimi dəstək yığa bilməyən R.Vardanyan və qondarma qurumun digər şəxslərinin səylərinin boşa çıxması bir daha onu göstərir ki, hazırda Qarabağda yaşayan ermənilərin sayında ciddi təhriflər var. Eyni zamanda, oradakı ermənilər bu siyasi prosesdə iştirak etməkdə həvəsli deyillər”,- deyə A.Əliyev vurğulayıb.

A.Əliyev əlavə edib ki, belə olan halda, hətta maliyyə imkanlarına malik olan erməni işbazı R.Vardanyanın özü çıxılmaz və ziddiyyətli bir oyuna girdiyini anlayıb. İndiki məqamda nə geri, nə də irəli addım atmaq onun xeyrinə olmayacaq. Sadəcə təxribat və dezinformasiyadan istifadə edə bilərlər ki, bunun da cavabı Azərbaycan tərəfindən sərt şəkildə veriləcək.

Qarabağda yaşayan ermənilərin yeganə çıxış yolu Azərbaycanının siyasi və hüquqi hakimiyyətini tanımaq, oradakı qondarma quruma təzyiqlər göstərmək və reinteqrasiya prosesinə kömək etməkdir. Bunun əksinə olan davranışlar isə Azərbaycanın sülh gündəliyinə və bölgə üzrə siyasətinə zidd olaraq qarşısı alınacaq. (AZƏRTAC)

Oxşar xəbərlər