19.12.2024, 16:01
AZ EN
22.12.2022, 16:23 397

Aİ-nin Ermənistana missiya göndərməsi səmimi davranış kimi qiymətləndirilə bilməz

XƏBƏRLƏR
  • Avropa İttifaqının (Aİ) Ermənistana ayrıca missiya göndərməsi və bunun təhlükəsizlik məsələsinin monitorinqini aparma niyyəti ilə edilməsi səmimi davranış kimi qiymətləndirilə bilməz. Çünki bundan əvvəlki dövrdə Aİ-nin daha çox problemin həlli istiqamətində, həm də Azərbaycanın ərazi bütövlüyünün nəzərə alınması, eyni zamanda, “Dağlıq Qarabağ” termini istifadə edilmədən bölgədə ölkəmizin suverenliyi ilə bağlı məsələlərin həlli istiqamətində uyğun yol seçdiyini göstərirdi.

Bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa söyləyib.

O bildirib ki, sonradan Fransanın da bu prosesin içində yer alması danışıqlar prosesinin uğursuzluqla nəticələnməsinə gətirib çıxardı. Bu da Azərbaycanın Aİ missiyasına inamsızlığının əsaslı olduğunu ortaya qoydu. Çünki belə bir vəziyyətdə tərəflərin maraqları nəzərə alınaraq addım atılmalı, Azərbaycanın ərazi bütövlüyü kontekstində çıxışlar edilməli idi. Amma bunların heç biri baş vermədi. Hətta Aİ–nin aparıcı üzvlərindən sayılan Fransanın senatda, həm də nümayəndələr palatasında ölkəmizə qarşı atılan addımlarını daha da artırmış oldu. Bu da müəyyən dərəcədə Azərbaycan tərəfindən haqlı cavab addımları ilə nəticələndi.

“Azərbaycan bütün proseslərdə Fransanın birbaşa erməni dövləti kimi çıxış etdiyini və Ermənistanın maraqlarının təmsilçisi olduğunu nəzərə alaraq onun hər hansı bir danışıqlarda iştirakından məmnun olmayacağını göstərdi. Azərbaycan tərəfi dekabrın 7-də keçirilməli olan görüşdən məhz Prezident Makronun iştirakını əsas gətirərək imtina etdi. Belə bir vəziyyətdə Azərbaycan, əslində bu kursu bundan sonra da davam etdirəcək. Azərbaycan hər hansı bir missiyanı öz ərazisinə buraxmaq niyyətində deyil”, - deyə F.Mustafa diqqətə çatdırıb.

Laçın-Xankəndi yolu üzərində Azərbaycan ekoloqlarının davam edən aksiyasından danışan deputatın sözlərinə görə, bu etiraz aksiyası onu göstərib ki, Azərbaycan öz ərazisində yalnız hərbi istiqamətdə qazandığı uğurlarla kifayətlənmir, həm də mədəni, ekoloji, iqtisadi, sosial fəaliyyətlərində addım-addım Azərbaycanın iradəsinə uyğun həll edilməsinə səy göstərir. Proseslər bütün hallarda Azərbaycanın xeyrinə davam edir. Azərbaycan tədricən bu ərazidə öz nüfuzunu və imkanlarını genişləndirməyə başlayıb. Laçın dəhlizində bizim qeyri-hökumət təşkilatlarının, xüsusilə də ekologiya sahəsində ixtisaslaşmış ayrı-ayrı üzvlərinin keçirdiyi aksiya əslində dünya tarixində mədəni, sivil aksiya nümunəsidir. (AZƏRTAC)

Oxşar xəbərlər