Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahova ölkənin baş naziri Rişi Sunaka, xarici işlər naziri Ceyms Kleverliyə, Ətraf mühit, ərzaq və kənd təsərrüfatı məsələləri üzrə dövlət katibi Tereza Koffiyə, Britaniya parlmentinin üzvləri Adam Afriyeyə, Penni Mordaunta və nüfuzlu beynəlxalq təşkilatlara müraciət edib.
Məktubda yaranmış durum səbəbindən Britaniyada yaşayan soydaşlarımıın narahatlığı nəzərə çatdırılıb: “Biz, Böyük Britaniyadakı Azərbaycan icmasının üzvləri Britaniya parlamentini Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində erməni ekoterrorizminə və təbii sərvətlərin qeyri-qanuni istismarına dərhal son qoyulmasını tələb etməyə çağırırıq.
Azərbaycan icması qətiyyətlə bildirir ki, Ermənistanın gələcəkdə oxşar cinayət əməllərini törətməsinin qarşısını almaq üçün Britaniya parlamenti, eləcə də beynəlxalq ictimaiyyət bu faktlara adekvat reaksiya verməli və günahkarları məsuliyyətə cəlb etməlidir. Beynəlxalq ictimaiyyət bilməlidir ki, Ermənistan humanitar sahədə anti-Azərbaycan müdaxilə siyasəti həyata keçirib.
Bu məsələ ilə bağlı məlumatlılığın artırılmasında göstərdiyiniz dəstək ekosistemimizə və bütövlükdə bəşəriyyətə qayğı göstərən hər kəs tərəfindən yüksək qiymətləndiriləcək”.
Qeyd edək ki, bu məktuba Azərbaycan icmasının bəyanatı da əlavə edilib.