23.12.2024, 15:40
AZ EN
14.12.2022, 14:53 292

Yaponiya qəzeti: Bu şəhər “Qarabağın Hiroşiması” adlanır

XƏBƏRLƏR
  • Yaponiyanın çoxtirajlı “Asahi Shimbun” qəzeti” ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış Azərbaycanın Ağdam şəhərinə həsr olunmuş xüsusi məqalə yayıb.

“Bazar günü düşüncələri” rubrikasında dərc edilən və “İkinci Hiroşima, sülhə aparan yol” başlıqlı məqalədə müəllifin Azərbaycana səfəri zamanı şəxsən gördüyü faktlara və onda yaratdığı hisslərə yer verilib. Məqalənin müəllifi isə hazırda İngiltərədə yaşayan yapon jurnalist Kunisue Naritodur.

“Alaq otları ilə örtülmüş düzənliklər daş divarlar və sütunlarla əhatə olunub. Gözlərinizin qarşısında canlanan xarabalıqlar Roma dövründən qalan dağıntılara bənzəyir. Qərbi Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ağdam şəhəri 30 ilə yaxın bir müddətdə dağıdılıb” cümlələri ilə başlayan məqalədə müəllif yerli sakinlərin bu şəhərə “Qarabağın Hiroşiması” adını verdiklərini bildirir. Qeyd edir ki, şəhərin qalıqlarına baxdıqda sanki gözlərinizin qarşısında bombardmandan sonra yandırılmış məskənin xarabalıqları canlanır.

Məqalədə I Qarabağ müharibəsinin tarixi, qonşu Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları nəticəsində baş verən faciə barədə ətraflı bəhs olunur. Bildirilir ki, ötən əsrin 80-ci illərinin sonları, 90-cı illərinin əvvəllərində baş verən qanlı müharibə nəticəsində Ağdamın 40 mindən çox yerli sakini öz ata-baba yurdlarını tərk etməyə məcbur qalıb. Ermənistan Ağdamı işğal etsə də, bu şəhərdə məskunlaşmayıb. Buradakı infrastrukturu məhv edərək, şəhəri xarabalığa çeviriblər. K.Narito Ağdamın belə uzun müddət dağıntılar içərisində qalmasının ermənilərin günahı olduğunu, buna görə onların məsuliyyət daşıdığını xüsusi vurğulayır. Bildirir ki, yalnız 2020-ci ilin payızında baş verən II Qarabağ müharibəsindən sonra Azərbaycanın Qələbəsi bu torpaqların yenidən canlanmasına səbəb olub. Qeyd edilir ki, Azərbaycan neft və qaz ixracından əldə etdiyi sərvəti məhz işğaldan azad olunan yaşayış məntəqələrinin bərpasına yönəldir, burada “yaşıl enerji”dən istifadə edən ağıllı şəhər və kəndlər inşa edir.

Məqalədə Ağdam nümayəndə heyətinin cari ilin noyabrında Hiroşimaya səfəri, burada “Merlər sülh naminə” beynəlxalq konfransında iştirakı barədə də məlumat verilir. Diqqətə çatdırılır ki, Hiroşima şəhəri ilə dostluq əlaqələri qurulması məqsədilə aparılan danışıqlarla yanaşı, Ağdamın bərpası zamanı bu yapon şəhərinin təcrübəsindən istifadə barədə də razılıq əldə olunub. Həm Hiroşimada mövcud olan Sülh Xatirə Parkının, həm də Sülh Xatirə Muzeyinin təcrübəsindən istifadə qərara alınıb.

Yazıda, həmçinin nüvə silahının olmadığı dünya uğrunda mübarizə aparan Hiroşima kimi, Ağdamın da sülhə çağırdığı, Azərbaycan xalqının regionun inkişafını yalnız sülh yolunda gördüyü və bunun üçün çalışdığı bildirilib. (AZƏRTAC)

Oxşar xəbərlər