19.10.2024, 20:22
AZ EN
18.11.2022, 19:05 233

Qarabağda heç kəs qanunsuz yaşamayacaq

XƏBƏRLƏR
  • Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da Praqada keçirilən “Avropa siyasi birliyi” mövzusunda Zirvə Toplantısı çərçivəsində Azərbaycan televiziya kanallarına müsahibə verib. Dövlətimizin başçısı ona ünvanlanan sualların birini belə cavablandırıb: “Qarabağın erməni əhalisinin nümayəndələri ilə qeyri-formal əlaqələri davam etdirməyi planlaşdırırıq. Deməliyəm ki, belə əlaqələr artıq müəyyən müddətdir ki, aparılır. Düşünürəm ki, bu, hələ Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında yaşayan əsas əhali ilə tam anlayışa gətirib çıxaracaq. Çünki Azərbaycan cəmiyyətinə inteqrasiyanın, sadəcə, başqa yolu yoxdur. Əgər kim hesab edirsə ki, onlara Azərbaycan vətəndaşı kimi yaşamaq lazımdır, fikrimcə, onlar peşman olmayacaqlar. Amma əgər bu, hansısa səbəblərdən kiməsə münasib deyilsə, onlar özləri üçün başqa yaşayış yeri seçə bilərlər”.

Prezident İlham Əliyev dünyada sözünün sahibi olan siyasi xadim kimi məşhurdur. Əgər o, söz veribsə, hökmən yerinə yetirəcək. Azərbaycan dövlətinin başçısının xarakterinin bu cəhəti istər siyasi xadim, istərsə də sadə insan kimi onun “vizit kartı”na, rəsmi Bakının həm beynəlxalq müqavilələrin altında qoyulan imzasına, həm də şifahi öhdəliklərinə dünya miqyaslı aktorların etimadlı münasibətinin əsaslarından birinə çevrilib.

Azərbaycan Prezidentinin “hə” kəlməsi “hə”, “yox” kəlməsi “yox” deməkdir. Jurnalistin sualına Prezidentin cavabının mənası məhz eşidilən kimidir: Qarabağda bundan sonra da yaşamaq arzusunda olan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiya etməkdən başqa yolu yoxdur. Deməli, gələcəkdə də olmayacaq. Bu, o deməkdir ki, onlar ya özlərinin Azərbaycan vətəndaşlığını bərpa etməli, ya da Azərbaycan ərazisində yaşamaq üçün Dövlət Miqrasiya Xidməti tərəfindən müəyyən edilmiş qaydada icazə sənədi rəsmiləşdirilməli olacaqlar. Əks halda, onlar Azərbaycan dövlətinin ərazisini tərk etməli və dünyanın xoşladıqları istənilən guşəsində məskunlaşmalıdırlar. Necə deyərlər, zorla özünü sevdirə bilməzsən. Buna görə də bir daha xatırlatmalı oluruq: Azərbaycan havayı söz danışmır. Xankəndidə bu gün hələ Araik Arutyunyanın və onun bütün əshabələrinin əyləşdiyi bina üzərində Azərbaycan bayrağının dalğalanacağı gün uzaqda deyil. Bu labüddür və gedən proseslər qarşısıalınmazdır. Hətta bizdən ötrü ən ağır illərdə də hər bir azərbaycanlı buna əmin idi. İndi isə bu əminlik daha da artıb.

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, Azərbaycan hazırda müvəqqəti olaraq Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasındakı ərazidə qanuni əsaslarla yaşayan şəxslərin, yəni, erməni mənşəli Azərbaycan vətəndaşlarının və Azərbaycan ərazisində yaşamaq üçün Dövlət Miqrasiya Xidməti tərəfindən müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş icazəsi olan əcnəbi vətəndaşların hüquqlarına və təhlükəsizliyinə tam zəmanət verir. Qarabağda qanunsuz yaşayan şəxslər olmayacaq. Qanuni yaşayanların isə bütün hüquqları qorunacaq.

Suverenliyin nə demək olması hamıya yaxşı məlumdur. Dövlətimizin ərazisində Azərbaycan Konstitusiyasının qüvvəsini biz özümüz təmin etmək iqtidarındayıq və bizə hər hansı müşahidəçilər, xüsusən də “köməkçilər” lazım deyil. Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi yalnız bu dövlətlər arasında münasibətlərə aid olacaq.

Prezident İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi nümayəndəsi Dirk Şuebelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bunu növbəti dəfə qeyd edib. Dövlətimizin başçısı kəsişməyən iki paralel prosesi xatırladıb – Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması və Azərbaycanın Qarabağ regionunda erməni azlığının hüquqları və təhlükəsizliyi ilə bağlı məsələlər. Prezident rəsmi İrəvanın ritorikasının ziddiyyətli olduğunu göstərərək qeyd edib ki, İrəvan bir tərəfdən Azərbaycanın suverenliyini tanıdığını bəyan edir, amma digər tərəfdən - Azərbaycandakı erməni azlığı ilə bağlı məsələlərin sülh sazişinə daxil olunmasını tələb edir.

Prezident İlham Əliyev qəti surətdə bəyan edib: “Bu, olmayacaq. Bu, mümkün deyil. Biz buna razılıq verməyəcəyik”.

Dövlətimizin başçısı bu fikri davam etdirərək vurğulayıb ki, əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Qarabağa çox aydın tapşırıqla göndərilib. Biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə hazırıq. Yeri gəlmişkən, bu proses başlayıb. Əgər kənardan müdaxilə olmasa və həmin prosesi dayandırmaq cəhdləri edilməsə, onda hesab edirəm ki, proses daha dinamik gedə bilərdi.

Göründüyü kimi, artıq anonimliyə son qoyulub və indi oyuncaqların da, onları kukla kimi oynadanların da adları məlumdur. Kütləvi informasiya vasitələrində Ruben Vardanyanın kim olması və bu “gədə”nin kim tərəfindən göndərilməsi barədə Prezidentin noyabrın 17-dəki çıxışına qədər də yazırdılar. Lakin indi dövlətimizin başçısı ilk dəfə olaraq ünvanlı şəkildə fikrini söyləyib, başa salıb ki, biz hər şeyi bilirik və bizimlə oyun oynamağın mənası yoxdur. (AZƏRTAC)

Oxşar xəbərlər