25.04.2024, 20:33
AZ EN
15.11.2022, 17:07 379

Azərbaycan Prezidenti: Azad edilmiş torpaqlara həyat qayıdır

XƏBƏRLƏR
  • Biz İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq öz əzəli torpaqlarımızı işğalçılardan azad etdik, beynəlxalq hüququ və ədaləti bərpa etdik.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqayla birgə mətbuata bəyanatında deyib.

“Siz BMT Təhlükəsizlik Şurasının qətnamələrinə toxundunuz. Qeyd etməliyəm ki, bu qətnamələr 1993-cü ildə qəbul edilmişdi, ancaq 27 il ərzində bu qətnamələr icra edilməyib. Ermənistan bu qətnamələrin icrasına maraq göstərmirdi, faktiki olaraq məhəl qoymurdu. Beynəlxalq ictimaiyyət, birlik isə sadəcə olaraq buna göz yumurdu və Ermənistana hər hansı bir sanksiyalar tətbiq edilməmişdi. Baxmayaraq ki, dəfələrlə Azərbaycan məsələ qaldırmışdı ki, Ermənistana qarşı sanksiyalar tətbiq edilsin, Ermənistan cəzalandırılsın. Çünki Azərbaycanın 20% ərazisini işğal etmək böyük cinayətdir, işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparmaq hərbi cinayətdir. Orada törədilmiş dağıntılar faktiki olaraq o torpaqları tamamilə cansız edib.

Mən sizə məlumat verdim ki, ermənilər işğal dövründə 67 məsciddən 65-ni yerlə-yeksan ediblər. Qalan iki məsciddə isə heyvan, inək, donuz saxlamışdılar və bütün müsəlmanların hisslərinə toxunmuşdular.

Biz təkbaşına bu məsələni həll etdik, ədaləti bərpa etdik. İndi azad edilmiş torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Biz bu torpaqlara qayıtmışıq və bu torpaqlara həyat qayıdır. Əlbəttə, bizim xalqımız üçün, dövlətimiz üçün əsas olan məsələdə ölkənizin dəstək verməsi bizim üçün çox önəmlidir. Və bir daha buna görə sizə təşəkkür etmək istəyirəm”, - Prezident İlham Əliyev qeyd edib.

Oxşar xəbərlər