18.10.2024, 16:23
AZ EN
15.11.2022, 13:00 381

Ceyhun Məmmədov: “Prezident İlham Əliyev növbəti dəfə möhtəbər tədbirdə Azərbaycanın mövqeyini bütün dünyanın diqqətinə çatdırdı”

XƏBƏRLƏR
  • Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşü çərçivəsində sammitdə çox mühüm qərarlar qəbul edilib, önəmli mesajlar verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı isə sözün həqiqi mənasında digər çıxışlarla müqayisədə bütün diqqətləri özünə daha çox çəkdiyindəndir ki, hələ də bu görüşün mühüm detalları diqqət mərkəzindədir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov bu vacib məqamlara fikir  bildirərkən deyib: “Dövlətimizin başçısının çıxışında əsas məqamlardan biri Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinin intensivliyi ilə bağlıdır. Prezident İlham Əliyev son 7 ayda üç dəfə Özbəkistana səfər edib. Səfər zamanı aparılan müzakirələr onu göstərir ki, Azərbaycan-Özbəkistan əlaqələri daha da yüksək səviyyəyə çatıb”. O, bildirib ki, digər vacib bir məqam isə Azərbaycanın xarici siyasətində əsas prioritetlərdən biri Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsidir. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amalına sadiq qalıb. 2009-cu ildə Naxçıvan Zirvə  Görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolu keçmişdir.

Dövlət başçısı bildirib ki, Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və geniş hərbi imkanlara malikdir.

Millət vəkili sonra vurğulayıb ki, buradan da görünür ki, Səmərqənd sammitinin tarix baxımından  önəmi misilsizdir. Bu zirvə görüşü türk dünyasının oyanışını etiva etməklə, əməkdaşlığın məzmunca yeni mərhələyə qədəm qoyduğunu göstərdi.  Prezident İlham Əliyevin  möhtəbər çıxışı Təşkilatın ciddi və real siyasi gücə çevrildiyini, Azərbaycanın isə bu prosesdə hərəkətverici subyekt rolunu nümayiş etdirir.

Millət vəkili daha sonra deyib ki, Cənab İlham Əliyev açıq formada bəyan etdi ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Bu çərçivədə isə artıq yeni  ümummilli, ümumtürk hədəfləri var. İlk növbədə Bakı artıq o qənaətdədir ki, indiki həssas geosiyasi situasiyada böyük bir ailə olan Türk dövlətlərinin bir-birinin milli maraqlarını nəzərə alaraq qarşılıqlı dəstək və həmrəylik göstərməsi şərtdir. Əslində, belə nümunə artıq mövcuddur.Vətən müharibəsi və sonrakı dövrdə Türk dövlətlərinin ifadə etdiyi həmrəylik birliyimizi yeni qlobal güc kimi dünyaya təqdim edirdi. Öz növbəsində cənab İlham Əliyev  biildirib ki, Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amalına sadiq qalacaq.

Türk dövlətlərinin siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi, kimi sahələrdə də əməkdaşlığın gücləndirilməsi önəmli faktorlardan biri olduğunu vurğulayan C.Məmmədov qeyd edib ki, vacib məqamlardan biri də odur ki, Türk dünyası təkcə müstəqil  türk dövlətlərindən ibarət deyil, onun coğrafi sahələri daha genişdir. Odur ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələlər artıq təşkilat çərçivəsində daim əsas diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır.

Vacib bir məqamın isə gənc nəslin yaşadıqları digər ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanın olması ilə bağlı olduğunu vurğulayaraq bildirib: “Prezident qeyd edib ki, əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayn 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim  təşkilatın gündəliyində olmalıdır. Bu gün Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Dövlətimiz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyasına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçüb səyləri davam etdirəcək”.

C.Məmmədov bildirib ki, dövlətimizin başçısı cənab İlham Əliyev Zirvə görüşündə toxunduğu məqamlardan biri də Ermənistanın Azərbaycanın torpaqlarında törətdiyi vəhşiliklərə, məscidlərin dağıdılmasına, təhqir olunmasına fikir yönəltməsi olmuşdur. Ali Baş Komandan daha sonra vurğulamışdır ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı quruculuq işləri aparılır. “Böyük Qayıdış” planının icra edilməsində yaxından iştirak edən türk dövlətləri şirkətləri infrastruktur layihələrində fəal iştirak edirlər. İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni imkanlar açıb. Ermənistan nəhayət, bu həqiqəti dərk etməli, sərhəddə hərbi təxribatları dayandırmalı, 10 noyabr Bəyanatının şərtlərinə əməl etməlidir.

Millər vəkili  daha sonra əlavə edib ki, tam əminliklə deyə bilərik ki, Prezident cənab İlham Əliyev növbəti dəfə möhtəbər tədbirdə Azərbaycanın mövqeyini Türk dövlətlərinin eləcə də, bütün dünyanın diqqətinə çatdırıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər