28.02.2026, 15:18
AZ EN
27.02.2026, 18:10 107

Ekspert: Azərbaycanın çoxvektorlu strategiyası Avropa ilə Asiya arasında körpülərin qurulmasında nəzərəçarpan nəticələr verir

XƏBƏRLƏR
  • Son illərdə Azərbaycan Cənubi Qafqazın strateji dinamikasında əsas mərkəzlərdən birinə çevrilir. Ölkə iri qlobal oyunçular arasında balansı qorumaqla yanaşı, texnologiyalar, energetika və infrastruktur sahələrində yeni inkişaf imkanları axtarır, dayanıqlı artım üzrə öz yolunu formalaşdırır. ABŞ və Avropa İttifaqının Cənubi Qafqaza marağının artması fonunda yüksək texnologiyalar, təhlükəsizlik və yaşıl iqtisadiyyat sahələrində əməkdaşlıq məsələləri xüsusi aktuallıq kəsb edir. İkitərəfli və çoxtərəfli layihələrin genişlənməsi regional sabitliyin möhkəmlənməsi və ölkənin qlobal iqtisadi və texnoloji sistemdə rolunun artması üçün imkanlar yaradır. Eyni zamanda, strateji təşəbbüslər Cənubi Qafqazın uzunmüddətli inkişafına xidmət edir və Azərbaycanın müasir beynəlxalq dəyər zəncirlərinə inteqrasiyası üçün şərait formalaşdırır.

BƏƏ-də yerləşən Ənvər Qarqaş adına Diplomatik Akademiyanın dosenti, “NATO Watch” müşahidə mərkəzinin, eləcə də Vaşinqtondakı Ərəb Körfəzi Ölkələri İnstitutunun qeyri-rezident elmi əməkdaşı Robert Meyson cavablandırıb.

– Azərbaycanla ABŞ arasında Strateji tərəfdaşlıq haqqında Xartiya imzalandıqdan sonra münasibətlərin texnologiyalar, süni intellekt və rəqəmsal infrastruktur kimi yeni sahələrdə inkişafını necə görürsünüz? Bu, iqtisadi və texnoloji əməkdaşlığın genişlənməsi üçün hansı perspektivlər açır?

– Bu sənəd regional bağlantının qurulması və uzun illər davam edən ərazi mübahisələrinin həll edilməsində mühüm addımdır. Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu ötən ilin avqustunda Ağ Evdə imzalanıb. Süni intellekt və rəqəmsal infrastruktur sahəsində əməkdaşlıq, o cümlədən “Microsoft”, “Google” və “Amazon Web Services” kimi texnoloji liderlərlə iş iqtisadi artımın stimullaşdırılmasında və iki ölkə arasında biznes mühitinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq. Bu, enerji sistemlərinin optimallaşdırılması, nəqliyyat dəhlizlərinin səmərəli idarə olunması və Azərbaycanın ticarət, energetika və fiziki infrastrukturla yanaşı, rəqəmsal qovşaq kimi mövqeyinin möhkəmlənməsi ilə özünü büruzə verə bilər.

– ABŞ vitse-prezidentinin fevralda Azərbaycana səfəri mühüm diplomatik hadisə idi. Bakı ilə Vaşinqton arasında etimadın və strateji dialoqun qurulmasında bu cür səfərlərin əhəmiyyətini necə qiymətləndirirsiniz?

– Yüksəksəviyyəli səfərlər həm məzmun, həm də simvolik olması baxımdan böyük əhəmiyyət daşıyır. Onlar tərəflərin niyyətini təsdiqləyir, liderlər arasında şəxsi təmasları gücləndirir və energetika, o cümlədən mülki nüvə energetikası sahəsində əməkdaşlığın dərinləşdirilməsi, eləcə də “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” kimi infrastruktur layihələri üzrə dinamikanı qoruyur.

– ABŞ təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu bildirib. Bu, Azərbaycanın regionda sabit tərəfdaş kimi qəbul edilməsinə və beynəlxalq təhlükəsizlik arxitekturasında roluna necə təsir edir?

– Burada bir neçə vacib məqam var. ABŞ ilə Azərbaycan arasında terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlıq uzun müddətdir davam edir. Son razılaşma çərçivəsində silah və hərbi texnika satışının genişlənməsi mümkündür. Lakin sistemli olaraq ən mühüm amil Azərbaycanın Avropa ilə Asiya arasında bağlantı üçün yeni imkanlar açan geostrateji mövqeyidir. ABŞ regionda təsir dairəsini genişləndirmək üçün perspektiv görür.

– Azərbaycanla Avropa İttifaqı arasında dialoq fəallaşıb və Aİ nümayəndələri birgə dayanıqlı inkişaf layihələrinin potensialını vurğulayırlar. Yaşıl iqtisadiyyat sahəsində Aİ-nin təcrübəsini nəzərə alaraq, hansı istiqamətləri daha perspektivli hesab edirsiniz?

– Avropa İttifaqı ilə Azərbaycan arasında 1999-cu ildən qüvvədə olan Tərəfdaşlıq və Əməkdaşlıq Haqqında Sazişə əsasən, Avropa İttifaqı Azərbaycanın aparıcı investoru və ən böyük ticarət tərəfdaşıdır. 2022-ci ildən etibarən Azərbaycan təbii qazının Aİ ölkələrinə ixrac edilməsi də daxil olmaqla ticarət əlaqələri fəal inkişaf edir və artıq strateji enerji tərəfdaşlığı üzrə anlaşma memorandumu da imzalanıb.

Yaşıl iqtisadiyyata gəlincə, təmiz enerji sahəsində əməkdaşlıq xüsusi perspektivli istiqamətdir. Azərbaycan bərpaolunan enerji üzrə iri layihələrə xarici investisiya cəlb edir, metan emissiyalarının azaldılması üzrə beynəlxalq təşəbbüslərdə iştirak edir və gələcək “yaşıl Xəzər enerji qovşağı zonası”nda mərkəzi rol tutur. Dövlət dəstəyinin gücləndirilməsi enerji keçidini sürətləndirə və Aİ ilə əməkdaşlığı daha da dərinləşdirə bilər.

– Avropa İttifaqı Azərbaycanı energetika və dayanıqlı infrastruktur sahəsində mühüm tərəfdaş kimi görür. Bu istiqamətlərdə hansı müsbət qlobal tendensiyaları müşahidə edirsiniz və onları Brüssel ilə Bakı arasında əməkdaşlığın dərinləşdirilməsi üçün necə istifadə etmək olar?

– Sözsüz ki, istər Qazaxıstan və Özbəkistanla enerji şəbəkələrinin birləşdirilməsi, istərsə də nəqliyyat-logistika dəhlizləri vasitəsilə regional bağlantı inkişaf edəcək. Azərbaycan iqtisadiyyatın dekarbonizasiyasını davam etdirsə, yaşıl enerji ixrac imkanlarını daha səmərəli istifadə edə və dayanıqlı energetika sahəsində beynəlxalq rolunu gücləndirə bilər.

– Azərbaycan çoxvektorlu xarici siyasət yürüdür. ABŞ və Aİ arasında əməkdaşlığın güclənməsi Cənubi Qafqazda sabitliyə və inkişafa necə təsir göstərə bilər?

– Bu çoxvektorlu strategiya artıq münaqişələrin həlli və Avropa ilə Asiya arasında körpülərin qurulması baxımından nəzərəçarpan nəticələr verir. Lakin regionda sabitlik və inkişaf yalnız xarici siyasət kursundan deyil, effektiv dövlət idarəçiliyindən və təhlükəsizlik təminatlarından da asılıdır. Buna görə də əsas qlobal oyunçularla tərəfdaş münasibətlərini eyni vaxtda qoruyan balanslı strategiya çox vaxt ən düzgün seçim olur. Bu yanaşma nəticələri mərhələli şəkildə toplayır və ölkənin daha firavan, sabit və təhlükəsiz inkişaf yolunda irəliləməsinə şərait yaradır. (AZERTAC)

Oxşar xəbərlər