"Vətən səsi" xəbər verir ki, bu barədə Anna Akopyan özünün sosial media hesabında bildirib. O, qeyd edib ki, bir müddət əvvəl də bəyan etdiyi kimi, onun və Baş nazir Nikol Paşinyanın nikahı başa çatıb: "Fevralın 25-də hökumətə məxsus iqamətgahı tərk etmişəm".
Ermənistan Baş nazirinin həyat yoldaşı ayrılıq qərarını bu gün açıqlayıb. Yerli mətbuatın yaydığı xəbərə görə, məlumatı Nikol Paşinyan da təsdiqləyib. O, eks-xanımının ayrılıq qərarına belə reaksiya verib: "Annanın qərarına hörmətlə yanaşıram. Son 30 ildə mənim bütün çətin günlərimdə yanımda olub, dayağım və arxam olub. Əmin deyiləm ki, mən onun üçün belə olmuşam. Bəlkə də onu daha çox üzmüşəm, buna görə üzr istəyirəm".
Ermənistanın siyasi elitası isə arvadının Paşinyandan boşanması qərarına şübhə ilə yanaşır və iddia edirlər ki, Baş nazirlə birinci ledinin qəfil ayrılığı qarşıdan gələn parlament seçkiləri ilə bağlı hansısa əhəmiyyətli planın tərkib hissəsidir. Ermənistan parlamentinin keçmiş deputatı Naira Zöhrabyan da Paşinyanla Akopyanın ayrılmasını "parlament seçkilərinə hesablanmış siyasi şou" adlandırıb. Onun fikrincə, bunun səbəbi Akopyanla evliliyə görə Paşinyanı tənqid edənlərin səslərini qazanmaqdır: "Həmin seqment Nikolu ancaq Annaya görə tənqid edirlər. Bu, çox pis səhnələşdirilmiş şoudur. Başqa bir məsələ isə Nikol üçün mərhəmət hissi yaratmaqdır. Mərhəmət də səsə çevrilə bilər. Oyun qaydalarına uyğun olaraq, yaxın vaxtlarda Anna Akopyana qarşı qondarma cinayət işi açılacaq. Bu isə “ədalətli lider” gözləyən seqmentin libidosunu təmin edəcək və bir neçə səsin dəyişməsinə səbəb olacaq".
Erməni siyasətçi seçkilərə hazırlıq ərəfəsində Anna Akopyanın hətta ərinin komandasına rəqib kimi çıxış edəcəyini, onun müxalifətin mitinqlərinə qatılacağını da istisna etmir: "Annanın İrəvanın mərkəzində, məsələn, "Maştots" küçəsində polis tərəfindən aparıldığını da görə bilərik. Bu, heç kəsi təəccübləndirməsin".
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.
Elxan SALAHOV