"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, rəsmi İrəvan ölkə ərazisindəki bütün dəmir yollarını almaq və idarə etmək üçün bəzi ölkələrə müraciət edib. Bu məsələ Zəngəzur dəhlizi layihəsinin tikintisinə hazırlıq müstəvisində gündəmə gəlib. Belə ki, Ermənistan Azərbaycan və Türkiyə ilə dəmir yolu əlaqəsini təmin edəcək Zəngəzur dəhlinə qoşulması üçün özünün daxili nəqliyyat infrastrukturunu təkmilləşdirməlidir. Söhbət həm də Ermənistan dəmir yollarını Zəngəzur dəhlizinə birləşdirən iki hissəsinin yenidən qurulmasından gedir.
Ermənistan mətbuatı yazır ki, rəsmi İrəvanın Rusiyaya müraciətindən sonra bu məsələ çox aktualdır. Çünki Ermənistanın dəmir yolları Rusiya şirkərinin uzunmüddətli idarəetməsinə verilib və hazırkı şəraitdə təmir və yenidənqurma işlərinin aparılması "Cənubi Qafqaz Dəmir Yolu"nun özəl hüququdur.
Rusiyalı politoloq Andrey Areşev mövzunu şərh edərkən deyib ki, bununla bağlı Ermənistandan Rusiyaya qarşı ziddiyyətli siqnallar gəlir. Belə ki, Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiyanın "Tramp Marşrutu"nda yerinin olmadığını, Baş nazir Nikol Paşinyan isə regional nəqliyyat layihələrinə dəstək üçün Prezident Vladimir Putinlə danışıqlar apardığını bildirib: "Amm hazırda Rusiya və Ermənistan arasında danışıqlar getmir, danışıqlara hazırlıq prosesi gedir".
Areşev "Cənubi Qafqaz Dəmir Yolu"nun balansında olan dəmir yolunun üçüncü tərəfin idarəetməsinə verilməsi ilə bağlı İrəvanın açıqlamasını da münasibət bildirib: “Paşinyanın "Cənubi Qafqaz Dəmir Yolu”nun üçüncü tərəfə, məsələn, Qətər, Qazaxıstan və Omana verilməsi barədə açıqlamasından görünür ki, Türkiyə və Azərbaycanın da bu prosesdə iştirakını istisna etmir. Çünki bu məsələ Naxçıvan və Türkiyə ilə bağlıdır”.
Xatırladaq ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Ermənistan hökumətinin müvafiq mesajından sonra Moskvanın İrəvanla danışıqlara başlayacağını açıqlamışdı. Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri Davit Xudatyan bundan sonra artıq danışıqların başladığını bəyan etmişdi.
Elxan SALAHOV