25.02.2026, 02:36
AZ EN
24.02.2026, 19:30 102

"Xocalı. Üç faciə – bir ağrı" sənədli filminin təqdimatı keçirilib

XƏBƏRLƏR
  • CBC telekanalı Audiovizual Şuranın maliyyə dəstəyi ilə sənədli film hazırlayıb.

"Xocalı. Üç faciə – bir ağrı" adlı ekran əsəri 26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində baş vermiş soyqırımı, 10 iyun 1942-ci ildə Çexiyanın Liditse kəndinin məhv edilməsi və 1995-ci ilin iyulunda Bosniya və Herseqovinanın Srebrenitsa şəhərində törədilmiş qətliama həsr olunub.

Təqdimatdan öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

İdeya və ssenari müəllifi Gülzar Mustafayeva, quruluşçu rejissoru Məzahir Həşimov, operatorları Vüsal Ələkbərov və Samir Nurəliyev, prodüseri Qiyas Abasov, layihə rəhbəri isə Vüqar Xəlilovdur.

Filmdə İkinci Dünya müharibəsi dövrünün faşizmi ilə müasir dövrün faşizmi arasındakı oxşarlıqlara diqqət çəkilir.

Sonra filmin ssenari müəllifi Gülzar Mustafayeva və quruluşçu rejissoru M.Həşimov film haqqında məlumat verib. Gülzar Mustafayeva bildirib ki, müharibənin ilk gülləsi anaya dəyir. Onu qətliamlar arasında paralellər yaratmağa vadar edən də məhz bu olub:

"İstər cəbhə, istərsə də döyüş bölgəsindən kənarda olsun, ilk güllə qadına dəyir. Örnək kimi II Qarabağ savaşında Gəncənin atəşə tutulmasını göstərmək olar".

Film üzərində iş prosesi çərçivəsində çəkiliş qrupu Çexiyada və Bosniya və Herseqovinada olub, Liditse Memorial Kompleksini və Terezin həbs düşərgəsini, həmçinin Srebrenitsa memorialını ziyarət edib. Praqa və Liditsedə tarixçilərlə, Srebrenitsa və Xocalı faciələrinin şahidləri ilə görüşlər keçirilib.

Çəkiliş qrupu filmin hazırlanmasında göstərilən dəstəyə görə Azərbaycanın Xarici İşlər Nazirliyinə, Azərbaycanın Çex Respublikasındakı Səfirliyinə, Azərbaycanın Bosniya və Herseqovinadakı Səfirliyinə, Çex Respublikasının Azərbaycan Respublikasındakı Konsulluğuna, Liditse Memorialının rəhbərliyinə, Praqa Hərbi Tarix İnstitutuna, Praqadakı Azərbaycan Mədəniyyət Evinin rəhbərliyinə, M.F.Axundov adına Milli Kitabxanaya, Azərbaycanın Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Azərbaycan Kinematoqrafçılar İttifaqına, eləcə də Azərbaycanın Audiovizual Şurasına təşəkkürünü bildirir.

"Xocalı. Üç faciə – bir ağrı" sənədli filminin premyerası fevralın 24-də Nizami Kino Mərkəzində baş tutub. Fevralın 25-dən etibarən film CBC TV telekanalının efirində yayımlanacaq. (Report)

Oxşar xəbərlər