13.02.2026, 12:48
AZ EN
13.02.2026, 10:18 109

ABŞ Ermənistanı himayəyə götürür

XƏBƏRLƏR
  • ABŞ Ermənistanı Rusiyanın asılılığından xilas etmək və Azərbaycanla mövcud sülh gündəmini gözlənilən nəticəyə çatdırmaq məqsədilə bu ölkəyə güclü dəstək verməyə hazırdır. Tramp administrasiyasının Ermənistana 13 milyard dollar ayırmaq barədə qərarı həmin məqsədə xidmət edir.

"Vətən səsi" xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb. Qeyd edilir ki, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Ermənistana səfəri zamanı dinc nüvə enerjisi üzrə 9 milyard dollara qədər dəyərində əməkdaşlıq müqaviləsi imzalayıb. "Nvidia"nın iştirak etdiyi süni intellekt layihəsinin genişləndirilməsi üçün əlavə 4 milyard dollar ayrılması planlaşdırılır.

Nəşrin yazdığına görə, Amerika hökumətinin Ermənistana ayıracağı investisiya bu ölkənin illik ÜDM-nin təxminən yarısını təşkil edə bilər. "Bloomberg" etibarli mənbələrdən aldığı məlumatlara əsasın iddia edir ki, həmin vəsait Moskvanın təsirini azaltmaq və ölkənin Qərbə yönəlməsini gücləndirmək üçün enerji, infrastruktur və iqtisadiyyatın inkişafına yönəldiləcək.

"Azadlıq radiosu"nun Ermənistan xidməti isə belə bir məlumat yayıb ki, Vens İrəvanda Ermənistanı xristianlığın qədim sivilizasiya mərkəzlərindən biri kimi xarakterizə edib. O, Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdən sonra bildirib ki, Vaşinqton bu ölkəyə milyardlarla dollar pul və dronlar verəcək. Həmçinin "TRIPP fondu" vasitəsilə Ermənistana iri həcmdə özəl kapital yönəldiləcək. Söhbət ilkin mərhələdə 5 milyard dollar məbləğində investisiyadan gedir, ikinci mərhələdə isə əlavə 4 milyard dollar planlaşdırılır. Bundan başqa, ABŞ Ermənistana 11 milyon dollar dəyərində kəşfiyyat məqsədli pilotsuz uçuş texnologiyalarının satışını da təsdiqləyib.

"Bütün bunlar Ermənistanı hərbi-iqtisadi baxımdan gücləndirməyə və onu Rusiyanın təsirindən çıxarmağa yönəlib", - deyə məlumatda vurğulanır.

Elxan SALAHOV

Oxşar xəbərlər