"Vətən səsi" xəbər verir ki, bu barədə erməni politoloq Vahram Atanesyan deyib. O, bildirib ki, 7 il ərzində Ermənistana rəhbərlik edən Petrosyanın qoşunların Kəlbəcərdən çıxarılması tələbindən imtina etməsi rəsmi İrəvana Yeltsinin düşmənçiliyini qazandırıb: "Ermənistan-Rusiya strateji tərəfdaşlığına ilk ağır zərbə 1993-cü ildə vurulub. O zaman Levon Ter-Petrosyan Xankəndidə çıxışı zamanı söyləmişdi ki, Kəlbəcərdən qoşunların çıxarılmasını rədd etməklə, Yeltsin kimi bir kinli insanın düşmənçiliyini qazana bilərik".
Erməni ekspert Rusiyanın o zamankı xarici işlər naziri Primakovun da işğalçı ordunun Kəlbəcərdən çıxarılmasının əsas tərəfdarlarından olduğunu söyləyib. O, bildirib ki, Primakov Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə çalışan şəxslərdən biri olub. Lakin Petrosyanın Rusiya rəhbərliyinə verdiyi vədin arxasından qaçması Moskvanın mövqelərinin Ermənistanda nəzərə alınmaması kimi qiymətləndirilib və bu, İrəvanda hakimiyyət dəyişikliyinə gətirib çıxarıb: "Bunu keçmiş xarici işlər naziri Oskanyan da təsdiqləyir. O, deyirdi ki, 1998-ci ildə hakimiyyət dəyişikliyindən sonra ilk dəfə Moskvaya dəvət olunarkən Yevgeni Primakov Azərbaycan ərazilərinin qaytarılması məsələsini yenidən gündəmə gətirib. O, açıq şəkildə bəyan edib ki, Ermənistanda hakimiyyət dəyişikliyi Azərbaycan ərazilərinin geri qaytarılması məsələsini gündəmdən çıxarmır. Amma Levon Ter-Petrosyanla o vaxtkı baş nazir Robert Köçəryanın komandası arasında ərazilər məsələsində kəskin fikir ayrılıqları vardı. Ona görə də Petrosyan hakimiyyətdən devrildi və ərazilərin qaytarılması barədə razılaşma baş tutmadı. Yəni ərazilərin geri qaytarılmasına münasibətdə o zaman Köçəryan və komandası Rusiyaya qarşı mövqe tutub. Bundan sonra 2008-ci ilin noyabrına qədər Rusiya Qarabağ danışıqlarında fəal vasitəçi olmayıb. Təşəbbüsü əvvəlcə ABŞ, sonra isə Fransa ələ alıb".
Atanesyan onu da əlavə edib ki, Ermənistanın işğal altında saxladığı əraziləri Azərbaycana qaytarmaqdan imtina etməsi Moskva-İrəvan münasibətlərini pisləşdirib. Onun fikrincə, Rusiyanın Ermənistanla əbədi dost və strateji müttəfiqlik səviyyəsində yaxın olması barədə deyilənlər illüziyadır: "Mənə həmin onilliyin Putin-Köçəryan və ya Medvedev-Sərkisyanın "İrəvan Bəyannaməsi"ni göstərin, sonra əsrlər boyu davam edən Ermənistan-Rusiya qardaşlığı və strateji müttəfiqlik münasibətləri haqqında danışmağa vaxtımız çox olacaq. O illərdən yalnız bir acı xatirə qalıb: Rusiya Dövlət Dumasının sədri Qrızlovun İrəvana səfəri zamanı Ermənistanı "Rusiyanın forpostu" adlandırması. Yaxın Şərq geosiyasi müharibəsində məğlub olan Rusiya artıq bu forpostu təhvil verib. Məsələ bundan ibarətdir. Öz intriqaları və bacarıqsızlıqlarını gizlətmək üçün forpostu təhvil verənlər və forpostun canışinlərinin öz aralarında haqq-hesabları varsa, qoy onu öz aralarında həll etsinlər. Ermənistanın forpostdan müstəqil dövlət yaratmaqdan başqa alternativi yoxdur".
Elxan SALAHOV