"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistandakı hakim "Vətəndaş Müqaviləsi" partiyasının deputatı Vaaqn Aleksanyan bildirib. O, qeyd edib ki, erməni xalqının inamını itirən qüvvələr qarşıdan gələn parlament seçkilərində üstünlük qazanmaq üçün milli maraqları qrup mənafelərinə qurban verərək öz fəaliyyətlərin xarici dairələrin təlimatları əsasında qurbaçağa çalışır: "Onlar regionda və dünyada baş verən reallıqları görməzdən gəlir, siyasi məqsədlərinə çatmaq üçün xarici dəstəkçilərinin sifarişlərini yerinə yetirlər. Azərbaycanla Ermənistan arasında qarşılıqlı etimada əsaslanan normallaşma prosesini yanlış şərh edərək hamını aldatmaq istəyirlər. Sərhədlərin delimitasiyasına, "Tramp Marşrutu" layihəsinə, Bakı neftinin, benzin və dizel yanacağının idxalına, Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınmasına, sərhədlərin dəqiqləşdirilməsi və delimitasiya prosesi ilə əlaqədar evlərini tərk etmiş ailələr üçün yeni evlərin tikilməsinə də bu cür yanaşırlar. Halbu ki, Azərbaycanla sərhəd kəndlərində boşaldılmış 2268 evin demək olar ki, hamısı Nikol Paşinyanın deyil, keçmiş hakimiyyətlərin dövründə tərk edilib. Biz keçmiş hökumətlərin zamanında sərhədyanı kəndlərdən köçmüş ailələrə yeni evlər tikirik ki, heç olmasa bundan sonra rahat və təhlükəsiz yaşasınlar. Yəni, başqaları nağıllar danışarkən Ermənistan hökumətinin maliyyəsi ilə sərhəd kəndlərində 2268 ev tikilir. Söhbət 16 milyonluq maliyyələşdirmə proqramından gedir. Bir daha təkrar edirəm, bunlar əvvəlki hakimiyyətlər dövründə boşaldılan sərhəd kəndləridir. Ermənistan məhz bu kəndlərdən başlayır, ona görə də müharibə və sosial problemlər səbəbindən evlərini tərk etmiş sakinlərə elə həmin kəndlərin özündə yeni evlər tikilir".
Hakim partiyanın deputatı bu ilin yayında Ermənistanda keçiriləcək parlament seçkilərdən danışarkən müxalifətə və onların mediadakı dəstəkçilərinə də mesaj göndərib. Vaaqn Aleksanyanın sözlərinə görə, onun müxalif həmkarları və bəzi media qurumları hakim "Vətəndaş Müqaviləsi" partiyasının guya, reytinqinin aşağı düşdüyünü və və seçkilərdə uduzacağını iddia etsə də, bu, reallığı əks etdirmir: "Əgər belədirsə, müxalif liderlər bizim komandanın nümayəndələri ilə debatdan qaçmazdı. Amma onlar bizi hətta öz efirlərinə qonaq dəvət etməkdən qorxurlar. Depatdan yayınmaq üçün mənasız bəhanələr uydururlar, özlərini müxalifət lideri sayanlar sürücülərini bizimlə mübahisə yaratmağa göndərirlər, özləri isə açıq debatdan qaçırlar. Heç bir mitinq təşkil edə, normal ideyalar verə bilmirlər, əvəzində bizimlə mübahisə edir, aranı qarışdırırlar. Bizim üçün də çətindir, nə qədər belə davam edəcək, daha nə qədər bu debatdan qaçacaqsınız, "siyasi meyit"kimi ortada qalacaqsınız?".
Hakim partiyanın deputatı sosial media hesabında yazdığı statusunda Ermənistan müxalifətinin əsas ruporu rolunda çıxış edən katolikos II Qaregindən də danışıb. O, qeyd edib ki, Paşinyan hakimiyyətinin qatı düşməni olan II Qaregin Bakı və İrəvanın müstəqil ölkə kimi davamlı sülhə doğru irəliləməsinə qarşı çıxdığı halda onun özü və tərəfdarları kilsədə Azərbaycan mahnılarına qulaq asır: "Yəni, Ktriç Nersisyana (II Qaregin) və müxalifətə kilsə ona görə lazımdır ki, orada Azərbaycan mahnılarına qulaq assınlar? Yəqin buna görədir ki, Ktriç erməni dini musiqisi festivalı üçün kilsə ayırmır".
Xatırladaq ki, Ermənistanın Baş naziri iki gün əvvəl Araqatsotn vilayətinin Talin şəhərində kilsəyə gəlişi zamanı II Qareginin tərəfdarları Nikol Paşinyana etirazlarını bildirmək məqsədilə Azərbaycan mahnısı səsləndiriblər.
Elxan SALAHOV