"Vətən səsi" xəbər verir ki, Ermənistan mətbauatının yaydığı məlumata görə, görüş zamanı tərəflər Ermənistan və ABŞ arasındakı strateji tərəfdaşlığın inkişaf dinamikasını yüksək qiymətləndiriblər. Bildirilib ki, xüsusilə 8 avqust 2025-ci il tarixli Vaşinqton Sülh Sammitində əldə olunmuş razılaşmaların icra vəziyyəti və gələcək birgə təşəbbüslər diqqət mərkəzində saxlanılır.
ABŞ Dövlət katibi "TRIPP yolu" layihəsi ilə bağlı daha bir bəyanatın qəbul olunduğunu deyib: "Bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və mən Tramp Beynəlxalq Sülh və Rifah Marşrutunun (TRIPP) icra çərçivəsini elan etdik. Bu, beş ay əvvəl, ötən ilin avqustunda Azərbaycan, ABŞ, Ermənistan liderlərinin imzaladığı tarixi sülh sammitinin qoyduğu öhdəliklərə əsaslanır. "TRIPP yolu" Cənubi Qafqazın ticarət, tranzit və enerji axını sahəsindəki potensialını ortaya çıxaracaq və bütün regionda rifahı və təhlükəsizliyi artıracaq".
Mirzoyan ilə Rubio Bakı və İrəvan arasındakı sülh prosesinin institusionallaşdırılmasının vacibliyini vurğulayaraq, bu istiqamətdə atılan addımları nəzərdən keçiriblər. Görüşün ən diqqətçəkən məqamı "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" proqramı çərçivəsində Ermənistan-ABŞ çərçivə sazişi ilə bağlı birgə bəyanatın təsdiqlənməsi olub. Həmin strateji sənədin detallarının yaxın saatlarda ictimaiyyətə açıqlanacağı gözlənilir.
Zəngəzur dəhlizi ilə bağlı ABŞ və Ermənistan arasında yüksək səviyyəli görüşün amerikalı nümayəndələrin Bakıda və İrəvanda keçirdiyi müzakirələrlə eyni vaxta təsadüf etməsi də diqqətdən yayınmır. Belə ki, ABŞ Ticarət və İnkişaf Agentliyinin (USTDA) Yaxın Şərq, Şimali Afrika, Avropa və Avrasiya regionları üzrə regional direktoru Karl Kressin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı səfərindən birbaşa Ermənistana yollanıb. Ekspertlər bunu ABŞ administarsiyasının Zəngəzur dəhlizinə xüsisi diqqət göstərməsi, əldə olunmuş razılaşmaların həlli istiqamətində real işlərin görülməsini təşviq etməsi ilə izah edirlər. Bildirilir ki, Tramp və onun komandası xüsusilə Ermənistan hökuməti ilə intensiv danışıqlar aparmaqla Zəngəzur dəhlizinin 2030-cu ilədək fəaliyyətə başlamasına çalışır.
Elxan SALAHOV