"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatına "Meqa Treyd" şirkətinin direktoru Karen Ayriyan bildirib. O, "News.am"a açıqlamasında deyib ki, Ermənistan bu dəfə Gürcüstana tranzitə görə ödəniş etməli olacaq.
Ayriyan tranzit ödənişlərinin Ermənistanda satışa çıxarılacaq Azərbaycan benzinin qiymətinə necə təsir edəcəyi ilə bağlı sualı da cavablandırıb. O, qeyd edib ki, pərakəndə satış qiymətləri idxal olunan benzinin maya dəyəri əsasında müəyyən ediləcək: "Azərbaycandan idxal oluna məhsulun maya dəyərini hesabladıqdan sonra benzini bərakəndə qiymətlərlə neçəyə sata biləcəyimizi müəyyənləşdirəcəyik. Çünki benzinin qiymətinə təsir edən başqa amillər də var. Bu zaman beynəlxalq bazardakı qiymətlər və gündəlik məzənnə dəyişiklikləri də nəzərə alınmalıdır. Qiymətə yalnız tranzit məbləği təsir etmir. Düşünürəm ki, tranzit ödənişinin alınması qiymətə ciddi təsir göstərməyəcək. Müəyyən təsir olacaq, lakin hiss ediləcək fərq olmayacaq".
Azərbaycandan Ermənistana neft məhsulları idxal edən "Meqa Treyd" şirkətinin direktoru ikinci tranzit zamanı yük qatarları ilə Bakıdan İrəvana göndərilən benzinin həcmi barədə konkret rəqəm söyləməyib. O, qeyd edib ki, şirkət Azərbaycandan ümumilikdə bir neçə min ton benzin almağı planlaşdırıb. Dünən daşınması nəzərdə tutulan neft məhsullarına 1 000 ton Aİ-92, 1 800 ton Aİ-95 markalı benzin və 1 000 ton dizel yanacağı daxildir.
Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan isə sosial şəbəkələrdəki hesabında bildirib ki, ölkəsi Azərbaycandan ümumi həcmi 7 600 ton olan neft məhsulları idxal etmək niyyətindədir.
Xatırladaq ki, dünən Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükünün həyata keçiriləcəyi barədə xəbər yayılmışdı. Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq, ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb.
Elxan SALAHOV