Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yerli televiziya kanalına açıqlamasında Azərbaycan yanacağının ölkədə populyar olduğunu bildirib. Onun sözlərinə görə, bəzi dairələrdən baykot çağırışları səslənsə də, əhali arasında bu yanacağa maraq yüksəkdir, insanlar ucuz qiymətə görə növbəyə dayanırlar. Nazir qeyd edib ki, bu addım siyasi deyil, sırf vətəndaşların rifahına xidmət edir.
Mirzoyan əlavə edib ki, Ermənistan qonşu ölkələrlə, o cümlədən Azərbaycan və Türkiyə ilə logistik və ticarət əlaqələrinin inkişafında maraqlıdır. Qeyd olunub ki, Azərbaycan və Türkiyədən malların daşınması, həmçinin Ermənistan məhsullarının bu ölkələrin ərazisindən tranziti vacib iqtisadi amildir.
Nazir həmçinin Tramp marşrutu layihəsi haqqında da danışıb. Bu layihə çərçivəsində Ermənistan-Azərbaycan dəmir yolu əlaqəsinin bərpası planlaşdırılır. 2026-cı ilin ikinci yarısında praktiki tətbiqi nəzərdə tutulan bu layihə sayəsində Ermənistanın xarici bazarlara çıxışı genişlənəcək, Azərbaycan isə öz yükünü Ermənistan ərazisindən keçirməklə daşıya biləcək. Marşrutun üçüncü ölkələr üçün də açıq olması regional ticarət və nəqliyyat imkanlarını genişləndirəcək.
Mirzoyan onu da bildirib ki, Türkiyə ilə dialoq davam edir və bu əlaqələr konstruktiv ruhda aparılır. Rusiya ilə münasibətlərin zəiflədilməsi gündəmdə deyil. Ermənistan Avrasiya İqtisadi İttifaqındakı üzvlüyünü davam etdirir və bu əməkdaşlıqdan faydalar əldə edir. O, Şiraq bölgəsində yerləşən Rusiya hərbi bazasının çıxarılmasının isə gündəmdə olmadığını əlavə edib.
Bütün bu açıqlamalar göstərir ki, regionda yeni siyasi-iqtisadi konfiqurasiya formalaşmaqdadır. Azərbaycan və Ermənistan arasında yaranan yeni iqtisadi körpü həm sülh prosesinə töhfə verə, həm də Cənubi Qafqazda davamlı inkişaf üçün real zəmin yarada bilər.
Tahirə AĞAMİRZƏ