"Vətən səsi" xəbər verir ki, bu fikri Ermənistanın Baş naziri Nikol Paşinyan "Tramp yolu" layihəsinin statusu ilə bağlı sualı cavablandırarkən bildirib. O, bildirib ki, Ermənistan hökuməti ABŞ ilə strateji komponentləri əks etdirən ikitərəfli sənəd və ya memorandum hazırlayır: "Hər iki tərəf bu sənədi müəyyən formatda qəbul etməlidir, bundan sonra növbəti addım başlamalıdır. Hazırda Vaşinqton Sazişində nəzərdə tutulduğu kimi, "Tramp yolu" layihəsi üçün çərçivə hazırlayırıq”.
Paşinyan bir daha təsdiq edib ki, layihə üzərində praktiki işlərə 2026-cı ilin ikinci yarısında başlanacaq. Onun sözlərinə görə, dəhlizin Ermənistan hissəsindən Naxçıvana doğru inşasına dəmir yolunun tikintisi ilə start veriləcək. Amma iqtisadi səmərəlilik və ehtiyacların proqnozlaşdırılması nöqtey-nəzərdən qaz kəməri dəmir yolu xəttindən daha əvvəl çəkilə bilər: "Güman edirəm ki, ilk layihə dəmir yolunun tikintisi olacaq. Lakin iqtisadi məqsədəuyğunluq və investisiya cəlbediciliyi müəyyən dərəcədə aydınlaşdırıldıqdan sonra məsələn, qaz və ya neft kəməri layihəsinin planlaşdırılandan daha tez həyata keçirilməsini istisna etmirəm”.
Baş nazir onu da əlavə edib ki, onun hökuməti hazırda sərhəd və gömrük infrastrukturu üçün müasir avadanlıqların alınması üzərində işləyir. O, deyib ki, bu avadanlıqlar təkcə Ermənistan-Azərbaycan sərhədlərində deyil, həm də Ermənistan-Gürcüstan, Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində quraşdırılacaq.
Nikol Paşinyan bu açıqlaması ilə həm də Ermənistanın yaxın gələcəkdə Azərbaycandan qaz alacağına işarə edib.
Elxan SALAHOV