Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.
Şanlı Ordumuzun XXI əsrin qalib Ordusu olduğunu bir daha sübut etdiyini vurğulayan siyasi şərhçi Azərbaycan dövlətinin qarşıya qoyduğu hədəflərə uğurla çatdığını bildirib. O qeyd edib: "Biz öz suveren ərazilərimizdə erməni terrorçularına qarşı antiterror tədbirlərini yüksək peşəkarlıqla və dəqiqliklə həyata keçirdik. Ordumuz yalnız hərbi mövqeləri hədəf aldı, mülki şəxslər heç bir ziyan görmədi. Bu, çox böyük uğurdur, Azərbaycanın, Prezident İlham Əliyevin növbəti tarixi qələbəsidir. Hazırda düşmən tərk-silah olunur, texnikalar təhvil verilir".
Qarabağ ermənilərinin nümayəndələri danışıq üçün Yevlaxa gəlməsindən də danışan S.Kərimli bunu həm də siyasi, diplomatik müstəvidə uğurumuz kimi dəyərləndirib. Azərbaycan öz qətiyyətli mövqeyini nümayiş etdirir, Yevlaxda keçirilən görüş məhz Azərbaycan Bayrağı altında aparıldı. Bütün bunlar Qarabağdakı separatizmin, terrorçuluğun sonunun gəlməsini göstərir.
"Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciəti zamanı ölkəmizin qətiyyətli və haqlı mövqeyini növbəti dəfə ortaya qoydu. Biz, ilk növbədə, dövlətimizin başçısının Cənubi Qafqazda uzunmüddətli sülh və təhlükəsizlik mesajlarını önə çəkməliyik. Azərbaycan öz mövqeyində qalır, qonşuları ilə sülh şəraitində yaşamaq istəyir. Əminliklə demək olar ki, biz buna nail olacağıq. Təbii ki, Ermənistan da artıq anlamalıdır ki, qeyri konstruktiv mövqedən əl çəkməli, heç kimə arxalanmadan sülhə gəlməlidir. Çünki son günlər baş verən proseslərdən də göründüyü kimi, Ermənistanı qızışdıran, havadarlıq edən qüvvələr çətin vəziyyətdə onu tək qoyur", - deyə Sahil Kərimli fikirlərini tamamlayıb. (Trend)