18.01.2026, 17:19
AZ EN
18.12.2025, 18:50 137

Ermənistana benzin tədarükü Azərbaycanın sülh gündəminə sadiq qalmasını təsdiq edir

XƏBƏRLƏR
  • Azərbaycandan Ermənistana neft məhsullarının göndərilməsi ilə bağlı qəbul edilən qərar deklarativ deyil, tamamilə praktik xarakter daşıyır. Burada söhbət nümayişkaranə jestdən deyil, Azərbaycanın sülh gündəminə sadiqliyini və bu gündəmin ardıcıl şəkildə praktikada həyata keçirildiyini təsdiqləyən konkret addımlardan gedir.

Bu fikirləri azərbaycanlı politoloq İlqar Vəlizadə Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyasının göndərilməsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, xüsusi olaraq vurğulamaq lazımdır ki, Aİ-95 markalı benzin premium sinfə aid yanacaqdır və yalnız minik avtomobillərində istifadə olunur. Bu yanacağın hərbi təyinatı yoxdur və hərbi məqsədlərdə tətbiq edilə bilməz. Beləliklə, bəzi qüvvələrin münaqişənin institusional baxımdan hələ tam başa çatmaması və sülh müqaviləsinin imzalanmaması amilindən spekulyasiya etməyə cəhd göstərmələrinə baxmayaraq, bu tədarüklər mahiyyət etibarilə yalnız dinc və humanitar xarakter daşıyır.

Agentliyin müsahibi qeyd edib ki, bu addım etimadın möhkəmləndirilməsi və regionda sabitliyin gücləndirilməsinə hesablanmış mühüm siqnaldır.

“Azərbaycan bu baxışdan çıxış edir ki, sülh gündəmi inkişaf edəcək, etimad mühiti isə daha da güclənəcək. Xüsusilə Ermənistanın Baş naziri Nikol Paşinyanın son dövrlərdə ölkə daxilində revanşist qüvvələrin cilovlanması istiqamətində atdığı addımlar fonunda bu, daha aydın görünür. Azərbaycan ərazisinin Ermənistana taxıl tranziti məqsədilə açılması, indi isə neft məhsullarının birbaşa tədarükü bir daha təsdiqləyir ki, Azərbaycandan Ermənistana qarşı heç bir təhlükə yoxdur və ola da bilməz. Azərbaycan Ermənistanın mövcud rəhbərliyini və bütövlükdə erməni cəmiyyətini hərbi-siyasi rəqib kimi nəzərdən keçirmir, əksinə, dayanıqlı sülh naminə əməkdaşlıq əlini uzadır”, – deyə ekspert vurğulayıb.

O, əlavə edib ki, Azərbaycanın erməni xalqına qarşı düşmən mövqedə olması barədə mifin heç bir əsası yoxdur və konkret əməllərlə ardıcıl şəkildə dağıdılır.

İ.Vəlizadənin fikrincə, vəziyyətin gələcək inkişafı daha çox erməni tərəfinin mövqeyindən asılıdır.

“Əgər sülh gündəminin israrlı şəkildə irəlilədilməsi, sülh müqaviləsinin bağlanması və Ermənistanın konstitusiyasına müvafiq dəyişikliklərin edilməsi baş verərsə, bu cür tədarüklər müntəzəm xarakter ala bilər. Bu isə Ermənistanın regional iqtisadi və nəqliyyat əlaqələrinə inteqrasiya etməsinə imkan yaradacaq. Burada qarşılıqlı fayda mövcuddur”, – deyə o bildirib.

Ekspert bildirib ki, Azərbaycan üçün bu, xüsusilə Naxçıvan Muxtar Respublikasının yarımizolyasiya vəziyyətindən çıxarılması və onun regionun mühüm nəqliyyat-logistika mərkəzinə çevrilməsi deməkdir. O, bu prosesin ölkənin regional xəritədə mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirəcəyinə əminliyini ifadə edib.

“Sözsüz ki, bu cür addımların Ermənistanın özündə də daxili siyasi diskursa təsir göstərəcəyi, cəmiyyətin isə regionda sülhə, sabitliyə və inkişafa həqiqətən kimin maraqlı olduğunu daha aydın şəkildə dərk etməsinə kömək edəcəyi ümid edilir”, – deyə politoloq fikrini yekunlaşdırıb. (AZERTAC)

Oxşar xəbərlər