05.03.2026, 16:09
AZ EN
24.12.2025, 15:45 217

Tramp Ermənistana nümayəndə göndərir - Zəngəzura görə

XƏBƏRLƏR
  • Azərbaycan-Ermənistan sülh quruculuğu prosesinin inkişafı və Zəngəzur dəhlizi ilə bağlı qarşılıqlı təmasların genişlənməsi fonunda İrəvanın ABŞ-dakı elçisi Vaşinqtonda prezident Donald Trampla görüşüb.  

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanın ABŞ-dakı səfirliyi məlumat yayıb. Bildirilir ki, Donald Tramp Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyanla söhbət əsnasında Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasına dair son məlumatları öyrənib. Səfir liderlərin bu ilin avqustunda Vaşinqtondakı görüşündən sonra Ermənistan-Azərbaycan arasında qarşılıqlı etimadın yaradılması ilə bağlı görülən işlərin intensiv xarakter aldığını söyləyib. O, 30 ildən artıq müharibə aparan iki dövlət arasında sülhün bərqərar olunması istiqamətində göstərdiyi ardıcıl səylərə görə Donald Trampa təşəkkür edib.

ABŞ prezidenti isə öz növbəsində erməni xalqını təbrik edərək, onların sabitlik və sülh şəraitində yaşamağa layiq olduğunu bildirib. Donald Tramp Ermənistan-Azərbaycan sülh prosesinə sadiqliyini bir daha təsdiqləyib. O, həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyana şəxsi imzası olan hədiyyə göndərib.

Ermənistan mətbuatı səfir Narek Mkrtçyanın ABŞ prezidenti ilə səmimi söhbətini və Donald Trampın Baş nazirə hədiyyə göndərməsini özünəməxsus şəkildə qabardır. Xüsusilə hakimiyyətyönlü qəzetlər səfirin Donald Trampla görüşünü Vaşinqton-İrəvan münasibətlərinin strateji tərəfdaşlığa doğru irəliləməsinin təzahürü kimi təqdim edir. Ermənistandakı “Respublika Naminə” partiyasının sədri Arman Babacanyan isə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens gələn ilin əvvəllərində İrəvana gözlənilən səfərini də məhz bununla əlaqələndirib.

Babacanyan bildirib ki, Ceyms Vensin Ermənistana planlaşdırılan səfərinin ən geci fevralın axırlarında reallaşacağı gözlənilir. Onun sözlərinə görə, bu, təkcə yüksək səviyyəli adi bir səfər deyil, Vaşinqtonun avqustun 8-də Azərbaycan, ABŞ və Ermənistan arasında əldə edilmiş razılaşmalarının icrasına sürətlə həyata keçirdiyini göstərən faktdır.

Partiya sədri ABŞ-ın vitse-prezidentinin həmin səfərinin  "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" və ya qısaca olaraq "Tramp yolu" adlandırılan Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi baxımından da önəmli olduğunu vurğulayıb. O, gözlənilən səfərin ABŞ-Ermənistan münasibətlərinin qarşılıqlı etimada əsaslanması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib: "Vensin Ermənistana səfəri bir neçə aspektdən çox önəmlidir. Birincisi, TRIPP üçün investisiya layihələri: yollar, logistika mərkəzləri, anbarlama, yükdaşımalar, sığorta, xidmət iqtisadiyyatı və sairə. İkincisi, sərhəd və gömrük imkanlarının sürətli modernləşdirilməsi: qaçaqmalçılığa qarşı sistemlər, tam rəqəmsallaşdırma, kibermüdafiə, yükdaşımalara nəzarət. Üçüncüsü, hüquqi təminatlar: şəffaf müqavilələr, müstəqil nəzarət, risklərin qarşısının alınması, investorla dövlət maraqlarının balanslı qorunması".

Elxan SALAHOV

Oxşar xəbərlər