“Vətən səsi” xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir Nikol Paşinyan Almaniyaya səfəri çərçivəsində Hamburqda erməni jurnalistlərlə görüşündə bildirib. O, əminliklə bildirib ki, Azərbaycan nümayəndə heyətləri də yaxın gələcəkdə Ermənistana səfər edəcəklər.
Paşinyan əlavə edib ki, hazırkı şəraitdə balanslaşdırılmış, tarazlı xarici siyasət reallıqdır və onun yürütdüyü siyasət də məhz bu cür diplomatiyaya söykənir. O, son bir neçə ayda səfər etdiyi ölkələri və paytaxtları sadalayıb - Moskva, Vaşinqton, Pekin, Tokio, İstanbul, Fransa, Almaniya, Qazaxıstan, Şarm əş-Şeyx, Əbu-Dabi, Danimarka və Gürcüstan.
"2021-ci ilin hökumət proqramında regionallaşmaya həsr olunmuş xüsusi bölmə var. Bu il bizim bütün qonşu ölkələrin liderləri ilə görüşlərim və təmaslarım baş tutub. Həmçinin görüşlər çərçivəsində, eləcə də işgüzar və rəsmi səfərlər zamanı söhbətlər aparılıb. Bu il iki rəsmi nümayəndə heyətimiz artıq Azərbaycana gedib. Mən əminəm ki, yaxın gələcəkdə Azərbaycan nümayəndə heyətləri Ermənistana gələcək. Bu il qatar Ermənistan Respublikasına Azərbaycan ərazisindən daxil olub. Həmçinin neft məhsullarının idxalı məsələsi də müzakirə olunur. Yəni, bu, nəhayət ki, uğur əldə etdiyimiz balanslaşdırılmış xarici siyasətdir. Biz bu uğurdan niyə imtina etməliyik? Biz bu uğuru inkişaf etdirməliyik. Əvvəllər deyirdik ki, Rusiyaya və ya Avrasiya İqtisadi İttifaqına zidd olaraq Avropa İttifaqı ilə münasibətləri inkişaf etdirmirik. Onlar isə cavab verirdilər ki, bu necə ola bilər? Məhz belə", - deyə Paşinyan vurğulayıb.
Elxan SALAHOV