"Vətən səsi" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla birlikdə "Euronews" kanalına verdiyi müsahibədə bildirib. İki ölkə rəhbərliyinin sülhə doğru addımlarının Brüsseldə keçirilən görüşdən sonra formalaşdığını bildirən Hikmət Haçıyevin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında əldə olunmuş sülh qlobal kontekstdə nadir uğur nümunəsidir: "Brüsseldə görüşmək üçün yaxşı imkan yarandı. Bundan sonra liderlərimiz sülh yoluna keçmək və mövcud fikir ayrılıqlarını kənara qoymaq qərarı verdilər".
Prezidentin köməkçisi vurğulayıb ki, tərəflər artıq münaqişə dövrünü bağlayıb və region real sülh mərhələsinə qədəm qoyub. O, birgə sülh prosesini münaqişələrlə dolu qlobal kontekstdə nadir uğur hekayəsi kimi dəyərləndirib: "Bu mərhələ bağlanıb, real sülh mövcuddur. Sülh yeni iqtisadi imkanları açacaq və regionu birgə inkişaf dövrünə çıxaracaq. İndi isə Azərbaycan və Ermənistan regionda böyük iqtisadi inkişaf səhifəsi açır və bu hər iki xalqın maraqlarına xidmət edir".
Elxan SALAHOV