Bu sözləri açıqlamasında Ankara Sosial Elmlər Universitetinin Regional Tədqiqatlar İnstitutunun Afrika Araşdırmaları şöbəsinin müdiri Mürsel Bayram söyləyib.
O bildirib ki, Azərbaycan çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası həyata keçirir. Məhz bu çərçivədə xüsusilə ölkənin 2019–2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə Afrika ilə diplomatik, iqtisadi və hərbi əlaqələrinin nəzərəçarpacaq dərəcədə sürətli inkişafı müşahidə olunub. Bakı Təşəbbüs Qrupu kimi platformalar Azərbaycanın Afrikadakı fəallığını daha da artırıb. Bundan başqa, Azərbaycan həm “yumşaq güc” alətlərindən (təhsil və səhiyyə diplomatiyası, “ASAN xidmət” modelinin ixracı və sairə), həm də enerji və müdafiə sənayesi sahəsində əməkdaşlıqdan istifadə etməklə qitədə uzunmüddətli və dayanıqlı təsir mexanizmi qurmağı hədəfləyir.
Ekspertin sözlərinə görə, 2025-ci ilin noyabrında Afrika–Azərbaycan Ticarət Əlaqələri Təşkilatının (AFAZ) Əddis-Əbəbədə keçirdiyi Azərbaycan–Efiopiya biznes-forumu iqtisadi əlaqələrin sabit və davamlı əsaslar üzərində inkişafı baxımından mühüm mərhələdir. Bu tədbirin əhəmiyyətini artıran əsas məqamlardan biri isə Afrika qitəsində Azərbaycan biznes dairələrinin iştirakı ilə keçirilən ilk genişmiqyaslı iş forumu olmasıdır ki, bu da prosesə tarixi xarakter verir.
Mürsel Bayram qeyd edib ki, Efiopiyanın Afrika İttifaqının mərkəzi olması, həmçinin qitənin ən sürətlə inkişaf edən iqtisadiyyatlarından biri kimi çıxış etməsi Azərbaycan üçün Afrika bazarına daha geniş miqyasda inteqrasiya baxımından strateji imkan yaradır. Forum çərçivəsində nümayəndə heyətinin ərzaq sənayesi, tikinti, logistika və istehsal kimi müxtəlif sahələr üzrə əməkdaşlıq imkanlarını araşdırması Azərbaycan şirkətlərinin Afrikada çoxşaxəli və rəqabətqabiliyyətli biznes mühiti formalaşdırmaq niyyətini göstərir. Bu, gələcək iqtisadi əməkdaşlığın dayanıqlılığını gücləndirəcək əsas amillərdən biridir.
“İşgüzar missiyanın proqramında “ASAN xidmət” modeli əsasında Efiopiyada yaradılan “MESOB” dövlət xidməti ilə tanışlığın yer alması xüsusilə diqqətəlayiqdir. Azərbaycan ictimai xidmətlər modeli “ASAN xidmət” artıq beynəlxalq səviyyədə tanınan uğurlu idarəçilik nümunəsinə çevrildiyi üçün bu təcrübənin paylaşılması tərəflər arasında etimadın möhkəmlənməsinə, gələcək iqtisadi əməkdaşlığa münbit şərait yaradır”, - deyə Mürsel Bayram əlavə edib. (AZERTAC)