21.11.2025, 05:17
AZ EN
20.11.2025, 17:29 109

Ermənilər hesablayır: Azərbaycan üzərindən yükdaşıma...

XƏBƏRLƏR
  • Rusiya və Qazaxıstandan Ermənistana buğda tədarükünü “Baqramyan” MMC adlı özəl şirkət həyata keçirib.

"Vətən səsi" xəbər verir ki, bu barədə "Sputnik Armenia" Ermənistanın İqtisadiyyat Nazirliyinə istinadən məlumat yayıb. Nazirlik erməni jurnalistin yüklərin çatdırılma müddətinin azaldılması, nəqliyyat xərclərinin optimallaşdırılması baxımından   Qazaxıstan və Rusiyadan Ermənistana dəmir yolu marşrutu ilə buğda tədarükünün nə dərəcədə effektiv olmasına dair sualı cavablandırmaqdan imtina edib. Bildirilib ki, yüklərin çatdırılma müddətinin azaldılması, nəqliyyat xərcləri və dəmir yolu tarifləri barədə məlumatlar "Baqramyan" MMC-yə mənsubdur. Ona görə də Azərbaycan üzərindən Ermənistana daşınan yüklərin əvvəlki marşrutlarla, yəni Gürcüstanla sərhəddə Lars yolu və ya Qara dəniz vasitəsilə gətirilməsinin iqtisadi müqayisəsi barədə məlumatları almaq üçün birbaşa həmin şirkətə müraciət edilməsi tövsiyə olunur. Ermənistanın İqtisadiyyat Nazirliyi isə iki fərqli marşrutlar üzrə yükdaşımanın  iqtisadi səmərəliliyinin müqayisəli qiymətləndirməsini hələ ki hesablamayıb.

"Azərbaycanla nəqliyyat yollarının açılması nəticəsində malların idxalı üçün daha bir alternativ marşrutdan istifadə imkanı yaranıb ki, bu da artıq özlüyündə ölkə iqtisadiyyatının inkişafı üçün əhəmiyyətli faktordur. Mövcud dəmir yolu infrastrukturu digər məhsul növlərinin idxalı və ixracı üçün də istifadə oluna bilər", - deyə "Sputnik Armenia" Ermənistanın İqtisadiyyat Nazirliyinin cavabını yayıb.

Ermənistanın bu marşrut boyunca tranzit həcmlərini artırmaq və daşımaların maya dəyərini azaltmaq məqsədilə logistika mərkəzləri və ya anbar terminallarının yaradılması imkanlarını nəzərdən keçirməsinə gəlincə, nazirlik bəyan edib ki, hazırda bu məsələ müzakirə olunmur.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 21-də Qazaxıstanda həmkarı Qasım-Jomart Tokayevlə görüşərkən mətbuata açıqlamasında rəsmi Bakının Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını bəyan edib. Bundan bir qədər sonra Qazaxıstandan və Rusiyadan ərzaq buğdası ilə yüklənmiş qatarlar Azərbaycan vasitəsilə Ermənistana reys edib. Bunlar son 35 ildə Rusiyadan Azərbaycan ərazisindən keçməklə Gürcüstana və ordan Ermənistana reallaşan ilk birbaşa dəmir yolu daşımaları olub.

Elxan SALAHOV

Oxşar xəbərlər