19.11.2025, 19:09
AZ EN
14.11.2025, 16:36 138

Erməni deputat xarici agentlərin adının açıqlanmasını istəyir

XƏBƏRLƏR
  • "Ermənistanın Baş naziri Nikol Paşinyan 2021-ci il seçkilərindən sonra dəfələrlə müxtəlif siyasi qüvvələri "təsir agentləri" adlandırıb. Lakin xaricdən idarə olunduğu iddia edilən həmin "agentlər"in kim olduğu açıqlanmır".

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan parlamentdə müxalif qüvvələrin təmsil olunduğu fraksiyanın deputatı Artur Xaçaturyan deyib. “Ermənistan” adlı fraksiyanın təmsilçisi buna görə hakim partiyanın nümayəndələrindən izahat istəyib: "Baş nazir bu cür bəyanatları beş-altı ildir səsləndirir. Biz də bununla bağlı dəfələrlə prokurorluq və hüquq-mühafizə orqanlarına sorğular göndərmişik ki, belə məlumatlar varmı? Agentura şəbəkəsi ilə bağlı hallar aşkarlanıbmı və belə hadisələrdə adı hallanan kimlərdir? Təəssüf ki, indiyə qədər belə sorğulara heç bir cavab verilməyib. Ona görə də ya Nikol Paşinyan həmin təsir agentlərinin kim olduğunu açıqlamalıdır,  ya da hüquq-mühafizə orqanları müxtəlif şəxsləri izləmək üçün məcburiyyət qarşısında qalaraq öz addımlarını atacaq. Əgər belə hallar varsa, həmin şəxslər məhkəmədə özlərini müdafiə etmək üçün söz tapacaq".

Xaçaturyan əlavə edib ki, Paşinyanın haqqında danışdığı "təsir agentləri" mövzusu Ermənistan ictimaiyyətində dərin kökləri olan məsələ kimi narahatlıqla qarşılanır. Onun fikrincə, hökumət bu məsələni tez-tez gündəmə gətirməklə müxalif mövqedə olan siyasi qüvvələrə qarşı ictimai inamsızlıq yaradır: "Hətta müəyyən siyasi partiyaların fəaliyyəti qadağan edilə bilər".

Xatırladaq ki, Nikol Paşinyan son vaxtlar bu mövzuda tez-tez danışır. O, parlamentin dünənki iclasında çıxışı zamanı sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyanı "xarici ölkənin təsir agentləri" adlandırıb. Baş nazir hər iki prezidentin adını çəkərək Rusiyaya "agent xidməti" göstərdiyini söyləmişdi. "Məhz bu şəxslərin səyləri nəticəsində Ermənistan 2018-ci ilədək başqa ölkənin forpostu olub" deməklə ölkəsinin Rusiyanın agentura şəbəkəsi tərəfindən idarə olunduğuna işarə etmişdi.

Elxan SALAHOV

Oxşar xəbərlər