19.11.2025, 21:31
AZ EN
12.11.2025, 10:17 241

Anklav kəndlərin taleyi yenidən gündəmdə

XƏBƏRLƏR
  • "Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesi çərçivəsində böyük mənada ərazi mübadiləsindən söhbət gedə bilməz. Əgər belə bir vəziyyət yaranarsa və iki ölkə arasında ərazilərin dəyişdirilməsi məsələsi ortaya çıxarsa, bunu yalnız referemdum yolu ilə həll etmək olar".

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sərkis Xandanyan deyib. Ermənistan mətbuatının yaydığı məlumata görə Xandanyan sərhədlərin delimitasiyası prosesinin hazırkı mərhələsindən danışarkən hələlik bu məsələdə ciddi problem olmadığını söyləyib. Onun sözlərinə görə prosesin gedişatı Ermənistanı qane edir: "Sərhədlərin delimitasiyası prosesində bizi narahat edən hər hansı məsələ yoxdur və ümid edirəm ki, gələcəkdə də olmayacaq. Amma nəzərəz almaq lazımdır ki, Azərbaycan üçün esklav, Ermənistana görə isə anklav hesab olunan ərazilər var və həmin mübahisəli ərazilər üzrə dəqiqləşdirmələr daha çox vaxt aparacaq. Lakin böyük mənada ərazilərin dəyişdirilməsindən söhbət getmir. Çünki Ermənistan qanunlarına görə, referendum olmadan Azərbaycanla ərazi mübadiləsi mümkün deyil. Ona görə də belə məsələlər sərhəd delimitasiyası prosesi çərçivəsində nəzərdən keçirilməlidir və bu, müəyyən bir mərhələdə həll olunacaq".

Sərkis Xandanyan əlavə edib ki, əgər hər hansı bir ssenaridə tərəflər Ermənistan Respublikası qanunvericiliyinə əsaslanaraq ərazi mübadiləsi aparmaq qərarına gəlsələr, bunun üçün də referendum keçirilməlidir.

Xatırladaq ki, ötən il demarkasiya prosesi çərçivəsində Qazaxın Aşağı Əskipara, Bağanis Ayrım, Xeyrimli və Qızılhacılı kəndləri Azərbaycana təhvil verilib. Həmçinin Kirants kəndindən başlayaraq sərhəd divarı çəkilib və kəndin yarısı Azərbaycanın, yarısı Ermənistanın nəzarətində təsdiqlənib. Ermənistanın Tavuş vilayəti istiqamətində yeni ərazilərin delimitasiya və demarkasiya prosesi çərçivəsində Azərbaycana təhvil verilməsi razılaşdırılıb.

Bütün bunlar 2024-cü il aprelin 19-da Azərbaycan Respublikası ilə Ermənistan Respublikası Baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryan arasında imzalanmış razılaşmaya əsasən həyata keçirilir. Bu məsələdə ən çox mübahisə doğuran ərazilərdən biri Gədəbəyin Ermənistanla sərhəddə yerləşən və ermənilərin "Artsvaşen" adlandırdığı Başkənd kəndidir.  Birinci Qarabağ müharibəsinə qədər ermənilərin yaşadığı Başkənd Gədəbəy rayonunun inzibati ərazisi olsa da, Ermənistan həmin yaşayış məntəqəsinin Azərbaycan ərazisində ona məxsus anklav olduğunu iddia edir. 1992-ci ilin avqustunda həyata keçirilən uğurlu əməliyyat nəticəsində ərazi Azərbaycanın nəzarətinə qaytarılıb.

Elxan SALAHOV

Oxşar xəbərlər