06.03.2026, 03:52
AZ EN
21.10.2025, 14:24 150

Azərbaycan Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırıb

XƏBƏRLƏR
  • Azərbaycan mövcud yüklərin Ermənistana tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb.

"Vətən səsi" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında bildirib. Dövlət başçısının sözlərinə görə, ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub.

Xatırladaq ki,  bu ilin  avqustunda ABŞ prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında əldə edilmiş razılaşma həm də iki ölkə arasında ən mübahisəli məsələ olan nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutur. Belə ki, “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (Trump Route for International Peace and Prosperity)  və ya qısaca olaraq "TRIPP yolu" adlandırılan Zəngəzur dəhlizi yeni ticarət və infrastruktur layihəsi innovativ həll varinatı kimi razılaşdırılıb. Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas hissəsi ilə əlaqəsini təmin edəcək TRIPP layihəsi Ermənistanın cənubundan keçən tranzit marşrutu rolunu oynayacaq. Bu marşrut Cənubi Qafqazın geosiyasi mənzərəsini dəyişmək, ABŞ-ı uzun müddət Rusiya və İranın təsirində olan regionda əsas güc kimi möhkəmləndirmək niyyəti daşıyır. Bakı və İrəvan arasında əldə olunmuş razılaşma üzərində aylarla çalışan rəsmi Vaşinton, xüsusilə ABŞ-ın bu işlərə məsul nümayəndəsi Stiv Vitkoff  və “İbraham Sazişləri Sülh İnstitutu”nun keçmiş rəhbəri Aryeh Laytston hələ bir neçə ay regiona səfər edərək hər iki ölkənin cavabdeh şəxsləri ilə fəal danışıqlar aparıb.

Yeri gəlmişkən, Tramp administrasiyası hesab edir ki, Azərbaycanla Ermənistan arasında sülh əldə olunmadan Azərbaycanın “İbraham Sazişləri”nə qoşulması mümkün deyil. Avqustun 8-də Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətnini paraflanması ilə nəticələnən görüşdən sonra rəsmi İrəvan 43 kilometrlik tranzit dəhlizində inkişaf və nəzarət hüququnu saziş çərçivəsində ABŞ-a verməyə hazır olduğunu bəyan edib.

Elxan SALAHOV

Oxşar xəbərlər