"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanın Yol Departamentinin direktor müavini Karen Badalyan "Sputnik Armenia"ya müsahibəsində danışıb. O, qeyd edib ki, Qazaxıstandan Türkmənistana, oradan isə İranı Ermənistanla birləşdirən Şimal-Cənub magistralının bir hissəsi olan həmin yol Sünik rayonundan keçir. Ermənistan tərəfi hazırda həmin ərazidə tunel tikintisi layihəsinin icrasına başlayıb.
Karen Badalyan deyib ki, həmin nəqliyyat dəhlizinin Ermənistana qədər olan hissəsi üç mərhələdən ibarətdir. Onun sözlərinə görə, İran sərhədindən (Ağarak) Kacarana qədər 32 kilometr yolun çəkilməsi planlaşdırılır. Layihəyə beş yol qovşağının, iki yeni tunelin və 15 yeni körpünün tikintisi daxildir. Bu hissənin 2027-ci ilə qədər tamamlanması planlaşdırılır. Ümumi uzunluğu 7,2 kilometr olan ikinci hissə yeni Kacaran tunelinin və 4 kilometr ona bitişik yolların tikintisini nəzərdə tutur: "Bu, Meğri aşırımında yükü azaldacaq, yol təhlükəsizliyini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq və keçidin təmin edilməsi ilə bağlı mövcud çətinlikləri aradan qaldıracaq. Nəticədə hazırda istifadə olunan serpantin marşrutunun uzunluğu 14 kilometr azalacaq, avtomobilin orta sürəti isə 50 km/saatdan 80 km/saata yüksələcək. Səyahət vaxtı 40 dəqiqə qısalacaq".
Badalyan Kacarandan Sisyana qədər çəkiləcək yoldan da danışıb. O, qeyd edib ki, layihəyə əsasən, 60 kilometr uzunluğunda avtomobil yolunun, o cümlədən 8,6 kilometr Bərgüşat tuneli, ümumi uzunluğu 4,7 kilometr olan 27 körpünün və 9 tunelin (12,5 km) tikintisi planlaşdırılır: "Layihə başa çatandan sonra yolun Sisyan-Kacaran hissəsi 54 kilometr qısalacaq, orta sürət isə 50 km/saatdan 100 km/saata yüksələcək. Nəticədə bu hissədə səyahət vaxtı 1,5-2 saat azalacaq. Bu hissənin tikintisinə 2026-cı ildə başlanacaq və altı il ərzində tamamlanacağı gözlənilir".
Elxan SALAHOV