"Vətən səsi" xəbər verir ki, bunu erməni jurnalist Tatul Akopyan bildirib. O, qeyd edib ki, hazırda Ermənistanda Rusiya ilə bağlı iki fikir hakimdir: "Bunlardan birincisi odur ki, Rusiya artıq Cənubi Qafqazdan əlini çəkib və bir daha qayıtmayacaq, ya da qayıtmağa qadir deyil. İkincisi, 2020-ci il, 9 noyabra dönmək üçün hər şeyi etməliyik. Daha doğrusu, Zəngəzur dəhlizini ABŞ prezidenti Donald Trampdan alıb Moskvaya verməliyik".
Bununla belə, erməni jurnalist hesab edir ki, Rusiyanın regionda aktivliyinin azalması ilə bağlı xəbərlər şişirdilib və reallığa uyğun deyil. Onun sözlərinə görə, Cənubi Qafqazın üç bölgəsində - Abxaziya, Cənubi Osetiya və Ermənistanda hələ də qoşunları var və bu, o deməkdir ki, Moskva burada təsir imkanlarını hələ tam şəkildə itirməyib: "Yüz il əvvəl də Çar Rusiyasının regiondan çəkilməsi istiqamətində eyni düşüncə var idi. Bir neçə ay sonra onlar “bolşevik” adı ilə döndü və Cənubi Qafqazı uddu və tam nəzarətində saxladı".
Tatul Akopyan vurğulayıb ki, hazırda İrəvandakı rusiyayönlü qüvvələr Vaşinqtonun Azərbaycan və Ermənistanla birlikdə əldə etdiyi razılaşmalarını pozmaq üçün yollar axtarır. Onun sözlərinə görə, həmin qüvvələr gizli fəaliyyətlərlə öz məqsədlərinə çatmağa çalışırlar: “Onlar Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Baş naziri Nikol Paşinyanın imzaladığı bəyanatı “təslim aktı” adlandırırdılar".
"Amma ən azı nəzərə almaq lazımdır ki, Tramp-Əliyev-Paşinyan razılaşması iflasa uğrayarsa, bu, Ermənistan üçün daha pis nəticələrə gətirib çıxaracaq. İkinci bir tərəfdən, Vaşinqton razılaşmalarının yarımçıq qalması Sünik (Zəngəzur - red.) bölgəsində yeni müharibənin qapısını açacaq” - deyə, erməni jurnalist xəbərdarlıq edib.
Elxan SALAHOV