09.10.2025, 23:12
AZ EN
08.10.2025, 12:05 211

Moskvadan qayıdan Köçəryanın siyasi qızışması...

XƏBƏRLƏR
  • “Fikir vermişəm, Ermənistanda keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyan bir müddət susurlar və qəfil ikisi də eyni gündə danışmağa başlayır. Bu dəfə də belə oldu”.

"Vətən səsi" xəbər verir ki, politoloq Elxan Şahinoğlu Ermənistanın sabiq prezidenti Robert Köçəryanın dünən İrəvanda keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirləri şərh edərkən belə deyib. O, bildirib ki, Robert Köçəryan bir müddət fasilə verdikdən sonra oktyabrın 7-də mətbuat konfransı keçirərək Baş nazir Nikol Paşinyanın ünvanına aşağılayıcı fikirlər söyləyib: “Həmin gün oxşar açıqlamalar Serj Sərkisyandan da gəlib. Hər ikisi gələn ilin iyununda keçiriləcək parlament seçkilərinə hazırlaşır. Nikol Paşinyana elə onlar kimi rəqiblər lazımdır ki, üzərlərində növbəti dəfə qələbə çala bilsin. Paşinyan dünən “deyin görək, nə vaxt mənimlə debata çıxacaqsınız” cümləsi ilə hər ikisini növbəti dəfə susdurub".

Politoloq hesab edir ki, Köçəryan və Sərkisyan Paşinyanı arxadan söyməyə alışıb və onunla üz-üzə gəlməkdən qorxurlar: "Sərkisyan hakimiyyətdə olanda cəmi bircə dəfə Paşinyanla üz-üzə gəlməyə qərar verib, oteldə mətbuatın qarşısında görüşüblər və bir neçə gün sonra istefa vermək məcburiyyətində qalıb. Ona görə də Köçəryan və Sərkisyan Paşinyanla debatın onlar üçün yaxşı nəticə verməyəcəyini anladıqlarından baş nazirlə üz-üzə gəlmək istəmirlər".

Elxan Şahinoğlu qeyd edib ki, Köçəryan mətbuat konfransından əvvəl Moskvada səfərdə olduğuna və Kremldə qapalı görüşlər keçirdiyinə də diqqət çəkib. Onun sözlərinə görə, son vaxtlar siyasət meydanında tez-tez görünən Köçəryan Rusiya prezidenti Vladimir Putinin yaxın dostudur və Rusiyaya sonuncu səfərində Kreml sahibinin onunla görüşdüyü istisna deyil: "Sadəcə, Paşinyanı qıcıqlandırmamaq üçün bu barədə məlumat mediaya ötürülməyib. Çünki Putin də anlayır ki, yaxın dostunun Ermənistanda reytinqi yoxdur. Buna baxmayaraq, Kreml Nikol Paşinyanın gələcək parlament seçkisində məğlubiyyətə uğradılması və ya ən azı hökuməti təkbaşına qurmaq üçün kifayət qədər səs toplamaması üçün müxtəlif ssenarilər üzərində planlar qurur. Köçəryanı da bu məqsədlə Kremlə çağırmışdılar".

Elxan SALAHOV

Oxşar xəbərlər