"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, Paşinyan Ermənistanla Azərbaycan arasında əldə olunmuş sülh razılaşmasından danışarkən avropalı deputatlardan biri Zəngəzur dəhlizi layihəsinin təfərrüatları barədə soruşub və onun işlətdiyi bəzi ifadələr Baş nazirin xoşuna gəlməyib. O, həmin suala cavabında bildirib: "Siz "Zəngəzur dəhlizi" ifadəsini işlədirsiniz, bunu haradan götürmüsünüz? Ermənistanla Azərbaycan arasında razılaşdırılmış heç bir sənəddə belə bir ifadə yoxdur”.
Paşinyan əlavə edib ki, bu mövzuda danışılarkən ABŞ, Azərbaycan və Ermənistan liderlərinin avqustun 8-də Vaşinqtonda razılaşdırdığı terminologiyadan, yəni “Tramp yolu” adından istifadə olunmalıdır: “Mən öz çıxışımda Vaşinqtonda qəbul edilmiş sənədlərdə olmayan ifadə işlətmirəm. Zəngəzur dəhlizi ifadəsini işlədənlər nə demək istədiklərini aydınlaşdırıb xəritədə göstərəcəklərmi? Buna görə sizi şiddətlə qınayıram”.
Elxan SALAHOV