"Vətən səsi" xəbər verir ki, bunu Ermənistandakı “Respublika Naminə” partiyasının lideri Arman Babacanyan bildirib. "Armenian Tayms"ın yaydığı məlumata görə, partiya lideri Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ prezidenti Donald Trampla yaxşı əlaqələr qurduğunu deyib. O, qeyd edib ki, ABŞ-la yaxınlaşma sülh danışıqlarında Ermənistanın dövlət maraqlarının qorunması üçün etibarlı zəmin yaradıb: "Tərəflərə sülh naminə nəyi və necə etməyi tapşıran açıq-aydın bir əl var, o da ABŞ-dır. Nikol Paşinyanda Trampın "WhatsApp" nömrəsi var və onlar bir-biri ilə əlaqə saxlaya bilir. Halbuki Ermənistanın heç bir liderinin ABŞ-la belə münasibəti olmayıb".
Arman Babacanyan əmindir ki, Azərbaycanla 35 il davam edən münaqişənin başa çatması və sülh razılşmasının əldə olunması uzun illər qonşularla düşmən mövqedə olan Ermənistanın gələcəyi üçün çox qiymətlidir. Onun sözlərinə görə, qonu dövlətlərlə, xüsusilə də Azərbaycanla münasibətlərinin normallaşdırılması və sülh şəraitində əməkdaşlığın bərpa edilməsi Ermənistanı blokadadan çıxarmağın yeganə yoludur: "Bizim üçün sülh sülh qiymətli həzzdir: o, sadəcə olaraq manna kimi başınıza düşmür, vəssalam".
Erməni siyasətçi Rusiyanın da bostanına daş atıb. O, deyib ki, Rusiyadakı hakim dairələr Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını istəmir və bütövlükdə Qafqaz regionunda sülhün bərqərar olmasında maraqlı deyil: "Rusiya ilə sülh bir araya sığmır. Ona görə də müxalifətin iddia etdiyi kimi, 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli sənədə qayıtmağa ehtiyac yoxdur".
Arman Babacanyan Türkiyə ilə münasibətlərin normallaşmasını daha real və üstün hesab edir: “Biz millət olaraq “Türk düşməni” deyə qışqıra bilərik. Bu, Türkiyəni zəiflətməyəcək. Lakin reallıq onu tələb edir ki, biz qonşularımızla münasibətlərimizi normallaşdırmalıyıq. Çünki bizim əsas hədəfimiz Ermənistan dövlətçiliyini qorumaqdfır".
Elxan SALAHOV