31.07.2025, 22:27
AZ EN
09.07.2025, 10:09 177

Ermənistanda həbs dalğası: Ohanyanın da toxunulmazlığı ləğv edildi

XƏBƏRLƏR
  • Ermənistanda Paşinyan hakimiyyətinə müxalif mövqedə olan rusiyameyilli deputat və siyasətçilərə qarşı həbs dalğası genişlənir. Rusiyalı iş adamı Samvel Karapetyanın həbsi ilə əlaqədar aparılan araşdırmalar Ermənistanda parlamentində təmsil olunan müxalifətçilərin xarici qüvvələrlə gizli əməkdaşlıq etdiyini üzə çıxarıb. Bununla əlaqədar deputatlardan bir neçəsinin toxunulmazlığı ləğv edilib.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, Samvel Karapetyanın həbsindən sonra toplanmış məlumatlar əsasında Rusiyalı iş adamının tərəfdarlarına qarşı hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı əməliyyat keçirilib. Vəkillər Lusine Martirosyan və Tiqran Ayrapetyan bildiriblər ki, iyulun 4-də Karapetyanın müdafiəsinə həsr olunmuş aksiyada iştirakda şübhəli bilinən bir sıra şəxslərin mənzillərində, o cümlədən onun sahib olduğu "Ermənistanın Elektrik Şəbəkələri" QSC-nin əməkdaşlarının evlərində axtarış aparılıb. Axtarışlardan dərhal sonra şübhəlilər istintaqa aparılıblar. Vəkil azı 10 nəfərin saxlandığını bildirib. Həbslər təkcə İrəvanda deyil, ölkənin müxtəlif regionlarında da həyata keçirilib.

Vəkil Tiqran Ayrapetyan isə jurnalistlərə bildirib ki, "Ermənistanın Elektrik Şəbəkələri" QSC-nin üç əməkdaşı saxlanılıb. Onlardan biri - şirkətin Musaler filialının baş mühəndisi Ara Avaqyandır. O, İrəvanın "Zeytun" istintaq bölməsinə aparılıb. Vəkilin sözlərinə görə, saxlanılan şəxslərə insanları icbari şəkildə mitinqə cəlb etmə maddəsi üzrə ittiham irəli sürülüb.

Bundan başqa, Ermənistan parlamenti müxalif "Hayastan" fraksiyasının nümayəndəsi Artur Sarkisyanı da deputat toxunulmazlığından məhrum edib. Baş prokurorun parlamentə təqdim etdiyi vəsatətinə 62 deputat səs verib. O, ermənilərin "Sisian" adlandırdığı tarixi Azərbaycan bölgəsinin - Qarakilsənin keçmiş meri arxiyepiskop Baqrat Qalstanyanın həbs olunduğu iş çərçivəsində cinayət təqibinə məruz qalacaq. Hakimiyyəti zorla ələ keçirməyə cəhddə ittiham olunan “Müqəddəs mübarizə” hərəkatının lideri Baqrat Qalstanyan iyunun 26-da həbs olunub.

Dünən isə Ermənistan sabiq müdafiə naziri Seyran Ohanyan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Ermənistanın İstintaq Komitəsinin yaydığı məlumata görə,  Xocalı cəlladı Seyran Ohanyana qarşı öz ölkəsinin Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham irəli sürülüb: vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma, çirkli pulların yuyulması və gəlir bəyannaməsində yalan məlumatlar təqdim etmək. Ermənistan parlamenti dünən keçirilən iclasında onun deputat toxunulmazlığını ləğv edib.

Xastırladaq ki, Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyana qarşı açılan sonuncu iş Sevan Milli Parkının yurisdiksiyasında olan Qeqarkunik rayonunun Draxtik icmasında 10,5 min kvadratmetr torpaq sahəsinin qanunsuz mənimsənilməsi ilə bağlı iddiadır. Bildirilir ki, Ohanyan müdafiə naziri vəzifəsində işləyərkən qanunsuz olaraq bu sahəyə yiyələnib və orada dövlət büdcəsi hesabına malikanə tikib. İstintaqın məlumatına görə, Artsvik Minasyan 2016-2018-ci illərdə ətraf mühitin mühafizəsi naziri olduğu müddətdə Ohanyanın əməllərinə hüquqi qiymət vermək üçün heç bir addım atmayıb. Üstəlik, onun Ohanyanla əlaqəsi olan şəxslərə tikintiyə icazə verməklə və bir sıra sənədlərin saxtalaşdırılmasına yol verməklə cinayətin gizlədilməsinə köməklik etdiyi iddia olunur.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR