20.04.2025, 09:47
AZ EN
03.10.2022, 16:50 192

Əcnəbi tələbələr Şuşada – “Biz Şuşanın səfiriyik”

XƏBƏRLƏR
  • Azərbaycanda təhsil alan bir qrup əcnəbi tələbələrin Şuşaya səfəri təşkil olunub. Türkiyə, Pakistan, Slovakiya ABŞ, Böyük Britaniya, Hindistan, Çin, İran və Koreya Respublikası da daxil olmaqla ümumilikdə 18 ali təhsil müəssisəsindən 36 ölkədən 44 nəfər əcnəbi tələbənin iştirak etdiyi tədbir “İqtisadi və Sosial Araşdırmalara Dəstək” İctimai Birliyinin (İSAY) həyata keçirdiyi “Biz Şuşanın səfiriyik” layihəsi çərçivəsində baş tutub.

İctimai Birlikdən bildiriblər ki, Azərbaycanda təhsil alan əcnəbi tələbələrin Qarabağın incisi Şuşa şəhərinə ilk səfər turu Prezidentin xüsusi nümayəndəliyinin binasının qarşısındakı meydanda ucaldılmış xalqımızın tanınmış mədəniyyət və incəsənət xadimləri Üzeyir Hacıbəyov, Bülbül və Xurşidbanu Natəvanın güllələnmiş heykəl abidələrinin ziyarəti ilə başlayıb. Onlara xalqımızın mədəniyyət beşiyi olan Şuşada dünyaya göz açmış adı çəkilən görkəmli şəxslərin həyat və fəaliyyəti, eləcə də güllələnmiş heykəllərinin tarixi barəsində məlumat verilib.

Daha sonra əcnəbi tələbələrin şəhər gəzintisi başlayıb. Hər küçəsi, hər binası bir tarix olan qədim Şuşa şəhəri ilə tanışlıq, o cümlədən Şuşa qalası, Vaqifin muzey-məqbərə kompleksi və Cıdır düzünü ziyarəti əcnəbi tələbələrdə xoş və unudulmaz təəssüratlar yaradıb.

Şəhər gəzintisindən sonra Cıdır düzündə ətrafı seyr edən əcnəbi tələbələrə layihənin rəhbəri, İSAY İB-nin sədri Eyyub Kərimli tərəfindən Şuşanın tarixi və Azərbaycan xalqı üçün mənəvi dəyəri barəsində ətraflı məlumat verilib.

Sonra Elm və Təhsil Nazirliyinin sektor müdiri Müjdət Həsənov və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək tələbələrə xoş arzularını çatdırıblar.

Tədbirin keçirilməsinə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən təşkilati dəstək verilib.

Qeyd edək ki, “Biz Şuşanın səfiriyik” layihəsi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin tərəfindən elan edilmiş “Şuşa İli” xüsusi qrant müsabiqəsinin qalibidir və Agentliyin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində əcnəbi tələbələrin Şuşa səfəri ilə bağlı təəssüratlarını özündə ehtiva edən eyniadlı filmin də çəkilişləri aparılıb. İngilis dilində olacaq film Zəfər Günüdə yerli və beynəlxalq media qurumları, o cümlədən sosial şəbəkə platformaları vasitəsilə yerli və xarici ölkə ictimaiyyətlərinə təqdim ediləcək. (AZƏRTAC)

Oxşar xəbərlər