24.06.2025, 17:51
AZ EN
24.06.2025, 13:14 204

Rektor: Qərbi Azərbaycanın memarlıq irsi sistemli şəkildə dağıdılıb

XƏBƏRLƏR
  • XIX əsrin əvvəllərindən etibarən Qərbi Azərbaycanın – keçmiş İrəvan xanlığının ərazisinə kütləvi şəkildə köçürülən ermənilər tərəfindən türk-müsəlman, azərbaycanlılara məxsus abidələrin əksəriyyəti vəhşicəsinə dağıdılıb və sistemli şəkildə məhv edilib.

Bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, memarlıq elmləri doktoru, professor Gülçöhrə Məmmədova “İnşaatın müasir problemləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxışında deyib.

O qeyd edib ki, 1918-ci ildə Ermənistan Demokratik Respublikasının yaradılması və İrəvanın yeni dövlətin paytaxtı elan olunması ilə erməni memarlığında siyasi ideologiyanı ifadə edən yeni bir mərhələyə start verilib.

“İrəvan xanlığının ərazisində mövcud olmuş çoxsaylı maddi-mədəniyyət və memarlıq abidələri barədə Jan Tavernye, Jan Şarden, H.Linç və İvan Şopen kimi tanınmış fransız, ingilis və rus səyyahlarının əsərlərində kifayət qədər ətraflı məlumatlar yer alır. Bu mənbələr göstərir ki, XIX əsrin əvvəllərinədək bu torpaqlar türk-müsəlman, azərbaycanlılara məxsus olub və zəngin mədəni irsi özündə əks etdirib”.

Rektor vurğulayıb ki, erməni memarı Aleksandr Tamanyanın hazırladığı İrəvan şəhərinin baş planı bu ideyanın açıq şəkildə daşıyıcısı olub. Şəhərin əsas kompozisiya oxu Ağrı (Ararat) dağına istiqamətlənib və bununla da erməni dövlətçilik konsepsiyasının – “müstəqillik, tarixi ərazilərin qaytarılması, itirilmiş ənənələrin bərpası” ideyasının simvoluna çevrilib.

Professor Gülçöhrə Məmmədovanın fikrincə, bu yanaşma təkcə memarlıq deyil, həm də ideoloji və mədəni mübarizənin bir forması olub və bu gün həmin məqamların araşdırılması tarixçilər və memar alimlər üçün mühüm vəzifələrdən biridir. (Report)

Oxşar xəbərlər