Bu kitabda yer alan materiallar 1995-ci il martın 12-dən iyunun 15-dək olan dövrü əhatə edir. Kitaba Ulu Öndər Heydər Əliyevin çıxışları, nitqləri, bəyanatları, müraciətləri, müsahibələri, məktubları daxil edilib. Nəşrdəki materiallarda Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu prosesindən, ictimai-siyasi, iqtisadi, mədəni həyatın bir çox sahələrindən, xarici ölkələrlə əlaqələrin genişləndirilməsindən bəhs olunur.
1995-ci il martın 12-də Ümummilli Lider Heydər Əliyev Kopenhagendə sosial tərəqqi naminə yüksək səviyyədə ümumdünya görüşündə iştirak edərək Azərbaycan xalqının haqq səsini bir daha dünyaya bəyan edib. Ulu Öndər həmin nitqində BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərindən erməni işğalçı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinin kağız üzərində qaldığını bir daha beynəlxalq birliyin diqqətinə çatdıraraq vurğulayıb: “Beynəlxalq birlik münaqişənin həllində müsbət nəticələr əldə etmək üçün öz yüksək nüfuzundan istifadə edib sülh danışıqları prosesinə təsir göstərməlidir”. Ulu Öndərin nitqinin tam mətni bu kitaba daxil edilib.
Nəşrdə, həmçinin ölkəmizdə dövlət çevrilişinə cəhd və onun qarşısının alınması ilə bağlı Ümummilli Liderin 1995-ci il martın 15-də Azərbaycan Televiziyası ilə xalqa müraciətinin, bununla əlaqədar martın 19-da keçirilmiş müşavirədəki nitqinin, habelə Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikinin, o zaman Respublika Günü kimi qeyd olunan 28 May – Müstəqillik Günü münasibətilə keçirilən təntənəli yığıncaqda söylədiyi nitqin mətnləri yer alıb.
Ulu Öndər həmin dövrdə gərgin iş qrafikinə baxmayaraq, ölkənin mədəni mühitini də diqqətdə saxlayırdı. 1995-ci il aprelin 16-da Xalq şairi Məmməd Arazın yaradıcılıq gecəsində iştirak etmiş Ümummilli Lider tədbirdən sonra ziyalılarla görüşmüşdü. Həmin görüşdə dahi rəhbər xalqın milli oyanışında, milli ruhunun canlanmasında ziyalıların rolunu xüsusi vurğulayaraq demişdi: “Bilirsiniz, milli azadlığa nail olmaq üçün xüsusən bizim xalqımızda milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır. Bu da asan bir proses deyil. Çox vaxt tələb edən prosesdir. Yaşadığımız o rejim dövründə bu prosesə təkan vermək çətin idi. Ancaq Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza kimi insanlar öz yaradıcılıqları ilə bu sahədə çox işlər görüblər. Ona görə düşündüm ki, biz müstəqillik qazanmışıq, respublikamız müstəqil dövlətdir. Xalqımız milli azadlığını əldə edibdir. Bu milli azadlığın, müstəqilliyin əldə edilməsində, şübhəsiz ki, xalqımızın hamısının - hərənin öz yeri, hərənin öz payı, hərənin öz xidməti var. Ancaq elə şəxsiyyətlər var ki, onlar bu işin, bu prosesin yaranmasında, formalaşmasında, inkişaf etməsində xüsusi xidmətlər göstəriblər və bunlar mədəniyyətimizin, ədəbiyyatımızın, şeirimizin içində olubdur”.
Ümummilli Lider 1995-ci il mayın 14-də isə görkəmli Azərbaycan yazıçısı və kinodramaturqu Maqsud İbrahimbəyovun 60 illik yubiley gecəsində, habelə həmin il iyunun 10-da böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin məqbərəsinin və ev-muzeyinin yaradılması ilə bağlı müşavirədə iştirak etmişdi. Dahi rəhbərin həmin tədbirlərdəki nitqlərinin mətnləri də kitaba daxil edilib.
Bu cilddə, həmçinin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ölkənin bazar iqtisadiyyatına keçid dövründə yaranmış çətinliklərin aradan qaldırılması, kənd təsərrüfatının inkişaf etdirilməsinə dair müşavirədəki nitqləri, erməni təcavüzünün ağır nəticələrinin aradan qaldırılmasına, daxili və xarici siyasətin başqa istiqamətlərinə dair materiallara geniş yer verilib.
Kitabın buraxılışına məsul “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdur.
Nəşrin hazırlanmasında AZƏRTAC-ın materiallarından istifadə olunub. (AZƏRTAC)