Bunu Türkiyənin Böyük Millət Məclisinin deputatı Fatih Dönməz iyunun 18-də Milli Məclisdə keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasında deyib.
O qeyd edib ki, bu əməkdaşlıq xüsusilə nəqliyyat və logistika sahəsində mühüm nəticələr verir. Türkiyə beynəlxalq yük və sərnişindaşıma sahəsində müasir yanaşmalara açıqdır. Nəqliyyatın rəqəmsallaşdırılması və texnoloji yeniliklərin tətbiqi həm strateji, həm də siyasi əhəmiyyət daşıyır. Bu istiqamətdə Türkiyədə artıq bir sıra mühüm layihələr həyata keçirilir.
“İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni reallıq dayanıqlı sülh və əməkdaşlıq üçün unikal fürsətlər təqdim edir. Azərbaycanın əzmi və siyasi iradəsi sayəsində bu gün bölgədə uzunmüddətli sülh üçün tarixi imkan yaranıb. Biz inanırıq ki, Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsi təkcə bu iki ölkə üçün deyil, geniş coğrafiyamız üçün də sülh, sabitlik və əməkdaşlıq baxımından əhəmiyyətli nəticələr doğuracaq. Ermənistanın bu prosesə səmimi şəkildə qoşulması və regionun gələcəyinə töhfə verəcək addımlar atması bütün bölgənin sabitliyi üçün həlledici olacaq”, - deyə türkiyəli deputat vurğulayıb.
Onun sözlərinə görə, Türkiyə bu istiqamətdə Azərbaycanın mövqeyini tam dəstəkləyir və regionda sabitliyin, iqtisadi inkişafın, xalqlar arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün birgə səyləri davam etdirməyə hazırdır. (AZƏRTAC)