"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan bildirib. O, Azərbaycan və Ermənistan rəsmiləri arasında itkin düşmüş şəxslərlə bağlı danışıqlar üçün belə bir görüşün olduğunu təsdiqləyib: "Bəli, görüş baş tutub. Bu, artıq ikinci görüşdür. İtkin düşmüş şəxslərin taleyi və mümkün axtarış tədbirləri ilə bağlı humanitar məsələlər müzakirə olunub. Bu işlərin davam etdirilməsi üçün ilkin razılıq əldə olunub".
Armen Abazyan tərəflər arasında görüşün təfərrüatlarını açıqlamasa da, belə bir anlaşmanın əldə olunmasını müsbət qiymətləndirib. Lakin onun sözlərinə itkin düşmüş şəxslərin axtarışı ilə bağlı işlərin nə vaxt başlanacağı barədə dəqiq məlumat yoxdur: "Görüşdə məlumat mübadiləsi imkanları, axtarış tədbirlərinin əlaqələndirilməsi məsələləri nəzərdən keçirilib".
Bəs, Azərbaycanın və Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyalarının nümayəndələri arasında görüş iki ölkə arasında münasibətlərin normallaşmasına nə dərəcədə təsir göstərə bilər?
Siyasi təhlilçilər bildirirlər ki, sülh sazişinin mətni üzərində razılaşma əldə olunduqdan sonra Azərbaycan-Ermənistan münasibətlərinin tədricən normallaşması gözləniləndir. Lakin iki məsələdə Ermənistan konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı Bakının irəli sürdüyü şərtlərin yerinə yetirilməməsi tərəflər arasında inamısızlığı dərinləşdirir. Humanitar sahədə isə lənğ olsa da, normallaşma tədricən müşahidə olunur.
Ekspert Əli Mustafayev itkin düşmüş şəxslərin birgə axtarışı ilə bağlı razılığın əldə olunmasını humanitar sahədə normnallaşmanın təzahürü kimi dəyərləndirir. Onun fikrincə, hazırda Bakı və İrəvan arasında münasibətlərin yeni mərhələyə doğru irəliləməsi üçün geniş imkanlar var: “Hazırda tərəflər arasında müxtəlif səviyyəli dialoqlar və təmaslar müşahidə olunur. Müxtəlif kommunikasiya imkanları, mülki komissiyaların yaradılması və birbaşa görüşlərin təşkili yeni siyasi situasiya formalaşdırır. Bu addımlar qarşılıqlı anlaşmanın və etimadın qurulmasına yönəlib. Belə imkanların yaranması Cənubi Qafqazda sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir”.
Siyasi şərhçi bildirib ki, ikitərəfli münasibətlərin dərin problemlərindən biri olan itkin düşmüş şəxslər məsələsi hələ də tam formada həllini tapmayıb və bu mövzu cəmiyyət üçün olduqca həssas xarakter daşıyır. O, itkin düşmüş şəxslərlə bağlı məsələlərin Azərbaycan üçün ən ağrılı mövzulardan biri olduğunu xüsusi qeyd edir: "Çünki Birinci Qarabağ müharibəsində itkin düşmüş 4000 soydaşımızın taleyi hələ də məlum deyil. İndiki halda onların taleyinə aydınlıq gətirilməsi vacibdir. Bu istiqamətdə müzakirələrin aparılması zəruridir və tərəflərin humanitar məsuliyyətini ortaya qoyur. Azərbaycan tərəfi dəfələrlə bu şəxslərlə bağlı məlumat almağa çalışsa da, tam şəffaflıq hələlik təmin olunmayıb. Müharibə dövründə kifayət qədər azərbaycanlı əsir düşüb və həlak olub. Onların harada dəfn edildiyi və ya saxlanıldığı ilə bağlı Ermənistanda real və konkret məlumatlar mövcuddur. Bu məlumatların Azərbaycan tərəfinə təqdim olunması həm prosesi sürətləndirə, həm də qarşılıqlı etimad mühitinin formalaşmasına ciddi töhfə verə bilər".
Ekspert hesab edir ki, Ermənistan hökiməti azərbaycanlı itkinlərlə bağlı məlumatları qarşı tərəfə təqdim etsə bu, iki ölkə arasında normallaşma prosesinin əsas sütunlarından biri hesab olunacaq. Əks halda məlumatların yenə də gizlədilməsi digər istiqamətlərdə atılan addımlara və bütövlükdə sülh danışıqlarının gedişinə mənfi təsir göstərəcək: "Biz arzu edirik və gözləyirik ki, aparılan danışıqlar real nəticələrə gətirib çıxarsın. Bu halda münasibətlərin tədricən normallaşması və uzunmüddətli sülhə doğru daha təsirli addımların atılması çətin olmayacaq".
Elxan SALAHOV