31.05.2025, 23:16
AZ EN
30.05.2025, 09:45 67

Zəngəzurda toqquşan maraqlar: Rusiya nə istəyir...

XƏBƏRLƏR
  • “Ermənistanın Sünik vilayəti (Zəngəzur) ətrafında gərginlik davam edir. Eyni zamanda Cənubi Qafqazda xarici ölkələrin fəallığı artır”.

"Vətən səsi" xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Andrey Belousov deyib. O, bildirib ki, hazırkı fəallığın məqsədi təhlükəsizliyin gücləndirilməsi yox, həmin ölkələrin təsir dairəsini genişləndirməkdir: “Bölgədə narahatlıq doğuran digər mühüm amil Ermənistanla Azərbaycan arasında hələ də tam nizama salınmamış münasibətlərdir. Moskva bu məsələdə maraqlıdır və tərəflər arasında sülh sazişinin imzalanmasına hərtərəfli dəstək göstərməyə hazırdır”.

Bəs, rusiyalı nazirin Zəngəzurla bağlı xəbərdarlığının mənası nədir? Cənubi Qafqazda təsir imkanlarını xeyli dərəcədə itirmiş Kreml Zəngəzur məsələsini yenidən gündəmə gətirməklə nəyə hazırlaşır?

Siyasi icmalçı Asif Nərimanlı mövzunu şərh edərkən bildirib ki, Rusiya müdafiə naziri Andrey Belousovun “Ermənistanın Sünik bölgəsi ətrafında gərginlik davam edir” açıqlaması iki cür izah oluna bilər: "Birincisi, regiondan kənar ölkələrin bölgəyə Ermənistan üzərindən, məhz Zəngəzurdan müdaxiləsi ilə bağlıdır. Avropa İttifaqının müşahidə missiyasının fəaliyyət göstərdiyi və faktiki olaraq, Rusiya sərhədçilərinin yerini tutduğu Zəngəzurda Fransa konsulluq açmağa hazırlaşır. Və bu, Ermənistanın bölgədə konsulluq açmaq istəyən Rusiyaya imkan verməməsi fonunda baş verir. Bölgədə ilk konsulluğu İranın açması rəsmi İrəvan üçün regional müttəfiqin Tehran, ikinci konsulluğu Fransanın açması isə regiondan kənar müttəfiqinin Paris olduğu deməkdir. Belousovun sözləri Ermənistanda mövqelərini bərpa etmək istiqamətində aktivləşən Rusiyanın xəbərdarlığı kimi qəbul edilə bilər və Moskva bununla ən azı Zəngəzurda konsulluğunun açılmasına nail olmağa çalışır. İkincisi, Azərbaycan-Ermənistan münasibətləri çərçivəsində Moskvanın İrəvana “yardım təklifi”ndən qaynaqlandığı istisna edilməməlidir. Belousov bildirir ki, “Ermənistan-Azərbaycan münasibətlərinin qeyri-sabit vəziyyətindən narahatdırlar, Sünik rayonu ətrafında gərginlik qalmaqdadır. Moskva İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasında maraqlıdır və hər cür kömək etməyə hazırdır”.

Politoloq hesab edir ki, Zəngəzura fokuslanan bu açıqlama Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri zamanı “Biz Ermənistanın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi üçün hər cür yardım etməyə hazırıq” sözləri fonunda diqqət çəkir. Onun fikrincə, Lavrovun bu açıqlaması "Ermənistanın ərazi bütövlüyü pozulubmu?" sualını aktuallaşdırır: "Rəsmi İrəvan iddia edir ki, 2022-ci ilin sentyabr döyüşləri zamanı Azərbaycan ordusunun strateji yüksəkliklərə nəzarəti bərpa etməsi “Ermənistanın ərazi bütövlüyünün pozulması” ilə nəticələnib. Halbuki, Azərbaycan ordusu əsasən işğal dövründə Ermənistan tərəfindən qanunsuz şəkildə irəli çəkilən dövlət sərhədini bərpa edib. Bununla yanaşı, delimitasiya prosesi aparılmadığı üçün Azərbaycan-Ermənistan sərhədinin konkret xətləri bəlli deyil. Ermənistan bu iddiaya əsaslanaraq, anti-Rusiya siyasətini körüklədi və Qərb qüvvələrini Aİ müşahidə missiyası adı altında bölgəyə gətirdi. Lavrov “Ermənistanın ərazi bütövlüyünün təmin edilməsinə dəstək” dedikdə Moskvanın İrəvana yardım edə biləcəyinə diqqət çəkirdi. İstisna deyil ki, Lavrovun İrəvan səfəri zamanı qapalı müzakirələrdə bu yardım müzakirə olunub. Lakin Moskva diplomatik kanallarla buna nail ola bilmədiyi üçün hərbi rəhbərliyin dili ilə yenidən çağırış edir, yaxud Lavrovun İrəvandan istədiklərini Belousov vasitəsilə daha da gücləndirir. Ermənistan-Azərbaycan münasibətlərinin qeyri-sabit vəziyyətindən danışan Belousovun diqqəti Zəngəzur bölgəsində gərginliyin davam etməsinə çəkməsi buna hesablanmış kimi görünür".

Asif Nərimanlının fikrincə, regionda itirilmiş nüfuzunu bərpa etməyə çalışan Rusiya bununla Ermənistana “Azərbaycan qarşısında müdafiə olunmaq” təklifi irəli sürür. Siyasi icmalçı bu məsələdə Rusiyanın özünün məqsədləri olduğu qənaətindədir. O, Kremlin niyyətlərini bu cür sıralayır:
a) Azərbaycan-Ermənistan sərhədinin delimitasiya prosesində iştirak etmək;
b) KTMT müşahidə missiyasını Azərbaycanla sərhədə daxil etmək;
c) Rusiya sərhədçilərinin bölgədə fəaliyyətini yenidən genişləndirmək;
ç) Zəngəzurda konsulluğunu qısa zamanda açmaq;
Asif Nərimanlı hesab edir ki, sadalanan dörd təklifdən sonuncusu daha real görünür. Hərçənd, Rusiyanın istəyini Ermənistana qəbul etdirmək imkanları – ritorik xəbərdarlığını arqumentləşdirmək üçün praktiki müstəvidə hansı addımlar ata biləcəyi açıq olaraq qalır: "Moskvanın klassik taktikası özünə bağlı erməni hərbçiləri hərəkətə keçirmək, Azərbaycanla sərhəddə təxribatlar törətmək idi, lakin Ermənistan ordusunda əvvəlki təsirlərinin qalmadığını nəzərə alsaq, bu taktikanın mövcud vəziyyətdə reallığı sual altına düşür. Rusiyanın “nə edəcəyi” açıq qalsa da, Zəngəzurda güclənmək cəhdlərinin davam edəcəyi aydın görünür".

Ekspertlər hesab edirlər ki, Belousovun məlum açıqlaması birbaşa Fransaya yönəlmiş mesaj kimi də dəyərləndirilə bilər. Çünki son vaxtlar Fransanın Zəngəzurda konsulluq açmağa hazırlaşdığına dair məlumatlar yayılıb. Erməni mediası isə yazır ki, iyunun 2-də Gorusda Ermənistan-Fransa konfransı keçiriləcək və elə həmin gün Zəngəzurda Fransa konsulluğunun açılışı olacağı gözlənilir.

Elxan SALAHOV

Oxşar xəbərlər