28.04.2025, 19:12
AZ EN
28.04.2025, 15:00 208

Qarabağ kartı xarici güclərin əlindən çıxandan sonra...

XƏBƏRLƏR
  • "Ermənistanın Baş naziri Nikol Paşinyanın ritorikasındakı dəyişikliklər qeyri-kafi, lakin pozitiv siqnal kimi qiymətləndirilməlidir. O, hələ kifayət qədər addım atmasa da, “miatsum”, “Böyük Ermənistan” və “1915-ci il soyqırımı” kimi sülh üçün zəhərli mövzuların regiona təsir vasitəsi kimi çıxış etməsinin qarşısını almağa çalışır”.

"Vətən səsi" xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bölgədə baş verən geosiyasi dəyişiklikləri şərh edərkən bildirinb. O, qeyd edib ki, həmin mövzulardan imtina olunması Ermənistanın gələcəyi üçün həyati əhəmiyyət daşıyır. Çünki “miatsum”, “Böyük Ermənistan” və qondarma “soyqırımı” iddiaları Ermənistanın özünü inkişafdan saxlayır: “Bu ritorikalar cazibədar görünür, amma əslində ölümcül olan tələlərdir, həmin mövzular Ermənistanın dövlət kimi mövcudluğuna təhlükə yaradır”.

Tofiq Zülfüqarov hesab edir ki, xarici güclər üçün Qarabağ kartı əldən çıxandan sonra Azərbaycanda sabitliyi pozmaq üçün başqa yollara əl atıla bilər. Onun fikrincə, xarici güclər münaqişə vasitəsilə təsir imkanlarını itiriblərsə, o zaman daxildən destabilizasiya cəhdlərinə start veriləcək. Belə olan halda onlar real və ya süni şəkildə yaradılmış istənilən narazılığı fürsət kimi istifadə edəcəklər.

Sabiq xarici işlər naziri bunu “rəngli inqilablar”, “barış dəyənəyi” və “əfsanəvi korrupsiya simvolları” vasitəsilə edilən ideoloji hücumlarla müqayisə edir: “Ukraynada “qızıl baton” tənqid olunurdu, amma sonradan o, sabitliyin simvoluna çevrildi. Bu, nə qədər absurd olsa da, belə təbliğat üsullarının effektiv olduğunu göstərir”.

Postmüharibə dövrünün düzgün idarə olunmasının əhəmiyyətini vurğulayan Tofiq Zülfüqarov deyib ki, istər daxili, istərsə də xarici siyasətin uğurlu olması üçün sabitlik əsas şərtdir: “Uğurlu daxili və xarici siyasət, o cümlədən sosial və iqtisadi inkişaf sabitlik kimi təməl amildən birbaşa asılıdır. Sabitlik anlayışından siyasi ritorikada tez-tez istifadə edilir, lakin onun əsl mahiyyəti bəzən gözdən qaçırılır. Azərbaycanın son illərdə apardığı xarici siyasətin bir məqsədi də buna xidmət edir. Azərbaycan ardıcıl olaraq Qarabağ mövzusunu beynəlxalq gündəmdən çıxarmaq strategiyasını həyata keçirir. Bu, regionda sabitlik üçün vacib addımdır”.

Elxan SALAHOV

Oxşar xəbərlər