Milli Məclisin Xankəndidən deputatı Tural Gəncəliyev belə deyib. O, diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının beynəlxalq hüququn norma və prinsiplərinə uyğun irəli sürdüyü siyasət işğalçı Ermənistan tərəfindən dəstəklənmir. “Onlar regionda davamlı sülhün əldə edilməsinə hər vəchlə mane olurlar. Bu da erməni diaspor nümayəndələrinin, Ermənistanın hərbi-siyasi rəhbərliyinə bağlı olan qüvvələrin şovinizm ruhunda, ksenofobiya və azərbaycanofobiya ruhunda yetişdiyinin göstəricisidir. Təəssüf ki, belə məsələlər bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsinə mane olur”, - deyə deputat diqqətə çatdırıb.
Tural Gəncəliyev vurğulayıb ki, Azərbaycan 44 günlük Vətən müharibəsində Zəfəri ilə ədalətin var olduğunu qarşı tərəfə sübut edib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da ədalətin, təhlükəsizliyin və sülhün təmin olunması üçün bütün qüvvəsini səfərbər edəcək. Dövlətimizin apardığı praqmatik siyasət nəticəsində Ermənistanın təxribatlarına layiqincə cavab veriləcək. Dünya erməni diaspor təşkilatlarının istəyindən asılı olmayaraq, Azərbaycan özünün və vətəndaşlarının təhlükəsizliyini təmin edir və bundan sonra da edəcək. Buna heç bir radikal qüvvə mane ola bilməyəcək. (AZƏRTAC)