16.04.2025, 22:24
AZ EN
15.04.2025, 10:27 211

Paşinyan Mehriyə Zəngəzur dəhlizinə görə gedib...

XƏBƏRLƏR
  • Ermənistanın Baş naziri Nikol Paşinyan ötən həftənin sonunda gözlənilmədən Mehriyə gəlib. Səfər Baş nazirin həyat yoldaşı Anna Akopyanın təhsil sahəsində apardığı kampaniya çərçivəsində aprelin 12-də Sünik bölgəsinə (Qərbi Zəngəzur) keçirilən tədbirdə iştirakla bağlı olsa da, Paşinyan proqramda nəzərdə tutulmadığı halda Mehri şəhərinə baş çəkib. Bu isə erməni ictimaiyyətində geniş müzakirələrə səbəb olub.

"Vətən səsi" xəbər verir ki, Ermənistan mətbuatında Paşinyanın Mehriyə gizli səfərindən sonra Zəngəzur dəhlizin açılması istiqamqətində ciddi addımların atılacağı yazılar dərc olunur.  “Hraparak” nəşrinin yazdığına görə, Paşinyan Mehriyə getməzdən əvvəl hökumət başçısının təhlükəsizliyini təmin etmək üçün bölgəyə “desant” göndərilib.  Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin başlamasına səbəb isə Mehridə dəmir yolunun tikintisi və Baş nazirin bu barədə dedikləridir.

"Nikol Paşinyan Mehridə iki məsələ üzərində xüsusilə dayanıb - su resurslarını qorumaq və dəmir yolunun tikintisini həyata keçirmək. Baş nazir bildirib ki, dəmir yolunun inşası Ermənistana heç bir zərər verməyəcək, əksinə, xeyir gətirəcək. "Paşinyanın "Bu dəmir yolu ölkənin büdcəsinə milyardlarla gəlir gətirəcək, eyni zamanda, təhlükəsizlik, ərazi bütövlüyü, suverenlik verəcək. Yükdaşıma baxımından bizə böyük fayda verəcək” açıqlaması onun Mehriyə səfərinin əsl məqsədlərini göstərir. Hətta Mehridə inşa ediləcək dəmiryolu layihəsi Zəngəzur dəhlizinin bir hissəsi ola bilər", - deyə  “Hraparak” yazır.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistan hökumətinin iclasında Mehrinin Nrnadzor kəndi ərazisində dəmir yolu xəttinin yenidən inşa ediləcəyi barədə məlumat verilmişdi. Paşinyan da “sülh kəsişməsi” layihəsinin həyata keçirilməsi üçün zəruri hazırlıqlar görüldüyünü dəfələrlə bəyan edib.  Lakin onun tez-tez gündəmə gətirdiyi “sülh kəsişməsi” layihəsi Zəngəzur dəhlizinə qarşı alternativ kimi irəli sürülür. Bu layihə Azərbaycan hökuməti tərəfindən rədd edilib və rəsmi Bakı Zəngəzur dəhlizinin açılması məsələsi üzərində dayanılıb.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə bir neçə gün əvvəl Türkiyənin “NTV” telekanalına müsahibəsində İrəvanın Naxçıvanla Azərbaycanın əsas hissəsi arasındakı nəqliyyat kommunikasiyalarının açılmasında prinsipial problem olmadığını söyləyib. O, “Türkiyə bu marşrutun nə vaxt açılacağı ilə bağlı prosesi diqqətlə izləyir. Bu barədə fikriniz nədir? Sizcə, yaxın gələcəkdə bu reallığa çevrilə bilərmi?” sualına cavabında bildirib: “Bütün dünya yeni nəqliyyat-tranzit dəhlizlərindən danışır və biz bu yanaşmanı tamamilə bölüşürük. Hətta onu da anlayırıq ki, infrastrukturun blokdan çıxarılması halında Ermənistan ilk faydalananlardan biri olacaq. Düşünürəm ki, bu məqam Türkiyə cəmiyyəti üçün də maraqlı ola bilər. Biz Azərbaycana qarşılıqlı dəmir yolu infrastrukturunu açmağı təklif etdik. Yəni hər iki tərəfin bir-birinin dəmir yolu şəbəkələrindən tam şəkildə istifadə etməsi mümkün olsun. Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında olan ən qısa marşrut üzrə biz müasir mexanizmlərdən istifadə etməyi təklif etmişik. Məsələn, fiziki yoxlamaları minimuma endirmək üçün elektron skan sistemlərinin tətbiqini, eləcə də yüklərin axınını sürətləndirmək üçün elektron bəyanetmə sistemini təklif etmişik. Bundan əlavə, keçidin təhlükəsizliyini təmin etmək üçün sığorta və təkrar sığorta mexanizmlərinin tətbiqi təklif olunur. Biz bu təşəbbüsün həyata keçirilməsinə dərhal başlamağa hazırıq – ilk mərhələdə yükdaşıma ilə. Bu mərhələ uğurla həyata keçirilərsə, növbəti addım olaraq sərnişindaşımaları və digər əlaqə növlərinə keçmək mümkündür. Biz həmçinin əminik ki, kommunikasiyaların açılması prosesi regional əlaqələrin tam bərpasına gətirib çıxaracaq, o cümlədən Ermənistanla Türkiyə arasında dəmir yolu əlaqəsinin yenidən qurulmasına. Bu məsələdə səmimi maraqlıyıq. Sonda isə bizim baxışımıza görə, bu layihə – heç olmasa regional səviyyədə – logistik mənzərəni köklü şəkildə dəyişə bilər”.

Elxan SALAHOV

Oxşar xəbərlər