16.04.2025, 01:37
AZ EN
14.04.2025, 16:30 223

MM sədri rumıniyalı senatorlara Ermənistanla sülh prosesi barədə məlumat verib

XƏBƏRLƏR
  • Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Rumıniya Parlamenti Senatı sədrinin vəzifəsini müvəqqəti icra edən Mirça Abrudeanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Sahibə Qafarova Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan dünyada ikinci, Avropa İttifaqı ölkələri arasında isə birinci dövlət olduğunu qeyd edib, ölkələrimiz arasındakı dərin dostluq münasibətlərindən danışıb.
Görüşdə Azərbaycan ilə Rumıniya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qalxdığı, ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin və görüşlərin əhəmiyyəti qeyd olunub.
Söhbət zamanı Milli Məclisin sədri Vətən müharibəsindən sonra regionda mövcud vəziyyət, Azərbaycanın BMT qətnamələrinin icrasını öz gücü ilə təmin edərək ərazi bütövlüyünü və müstəqilliyini bərpa etdikdən sonra bəzi Avropa ölkələri tərəfindən qarşılaşdığı təzyiqlər, məqsədli şəkildə yayılan saxta informasiyalara qarşı apardığı mübarizə, Azərbaycan və Ermənistan arasında sülh prosesinin gedişi barədə də məlumat verib. Spiker bildirib ki, hazırda iki ölkə arasında sülh müqaviləsinin mətni razılaşdırılıb. Lakin iki məsələ sülh müqaviləsinin imzalanmasına mane olur. Bunlar Ermənistan konstitusiyasının preambulasında Azərbaycana qarşı olan ərazi iddiası və uzun illər problemin həlli ilə məşğul olmuş ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyac qalmadığı üçün onun ləğv edilməsidir. Bu məsələlər də öz həllini tapdıqdan sonra iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına heç bir maneə qalmayacaq.
Görüşdə həmçinin Qərbi azərbaycanlıların hüquqlarının bərpasının təmin olunması barədə də danışılıb.
Rumıniya Parlamenti Senatı sədrinin vəzifəsini müvəqqəti icra edən Mirça Abrudean Azərbaycanla Rumıniya arasında bir çox sahələrdə əməkdaşlığın daha da inkişafı üçün böyük potensial olduğunu bildirib. Eyni zamanda ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü hər zaman tanıdığını, beynəlxalq təşkilatlarda, xüsusilə də AŞPA-da ölkəmizi müdafiə etdiyini və Ermənistanla sülh planını dəstəklədiyini diqqətə çatdırıb. O, tezliklə sülh sazişinin imzalanacağına inamını ifadə edib və bu regionu parlaq gələcəyin gözlədiyinə əminliyini bildirib.
Söhbət zamanı Azərbaycanla enerji, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlığın olduğunu bildirən Mirça Abrudean Azərbaycanın ASAN xidmət təcrübəsinin Rumıniyada da tətbiqi üçün Anlaşma Memorandumu imzalandığını və bu təcrübəni öyrəndiklərini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb. (APA)

Oxşar xəbərlər